"Uzun müddət işğal altında qalan Füzuli şəhəri yenidən qurulur və bərpa olunur. Mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli şəhərində Peşə Liseyinin və 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər və yeni yaradılacaq parkda ağac əkiblər".
"Report"un məlumatına görə, bunu Milli Məclisin 84 saylı Füzuli seçki dairəsindən deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, 50 minlik sakini olacaq Füzuli şəhəri gözləniləndən daha qısa müddətdə yenidən bərpa olunub məskunlaşmağa hazır olacaq:
"İşğaldan azad olunan ərazilərimizdə ikinci ağıllı kənd də Füzuli şəhərinin yaxınlığında yerləşən Dövlətyarlı kəndində inşa ediləcək. Son təməlqoymalar bir daha təsdiq edir ki, Füzuli rayonu artıq yeni bərpa-quruculuq işlərinə qədəm qoyub. Füzuli Beynəlxalq Hava Limanı dünyada ən qısa müddətdə inşa edilən hava limanlarından biridir. Hava Limanı beynəlxalq standartlara uyğun olaraq qurulan və beynəlxalq uçuşları həyata keçirəcək hava limanıdır".
Deputat bildirib ki, Füzuli rayonunun nəqliyyat və logistik infrastrukturunun formalaşdırılması istiqamətində də işlər intensiv şəkildə həyata keçirilir:
"Horadiz-Ağbənd dəmiryolu xətti, eləcə də Horadizlə Zəngilanı birləşdirəcək avtomobil yolu, o cümlədən Füzuli-Hadrut, Füzuli-Şuşa Zəfər yollarının inşa edilməsi də ondan xəbər verir ki, işğaldan azad edilmiş torpaqlarımız çox qısa zamanda bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Bərpa və yenidənqurmanın daha intensiv şəkildə aparılması məskunlaşma prosesinin gözləniləndən daha tez olacağından xəbər verir.
Füzuli şəhəri öz tarixində bütövlükdə yeni mərhələyə qədəm qoyur. Biz həyatın uzun zamandır işğalda qalan Füzuliyə yenidən qayıtdığını görəcəyik. Füzuli artıq yeni və müasir standartlara uyğun olaraq qurulan bir şəhər olacaq. Bu da təbii ki, Qarabağın həyata yenidən və daha tez qayıdacağı anlamına gəlir".