Füzuli-Horadizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə reallaşdırılan İcma Resurs Mərkəzinin açılış mərasimi keçirilib.
Dövlət Komitəsindən "Report"a bildirilib ki, "Azərbaycanın Füzuli-Horadiz, Ağcabədi və Tərtər rayonlarında əhalinin ən həssas qruplarının tezliklə bərpa edilməsi və icmanın dayanıqlılığının təmin edilməsi" layihəsi çərçivəsində həyata keçirilən açılış mərasimində Dövlət Komitəsinin sədri Bahar Muradova, sədr müavini Sədaqət Qəhrəmanova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, məzarı önünə çiçəklər düzülüb. Daha sonra tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda şəhid olan oğullarımızın əziz xatirəsini yad ediblər.
Salamlama nitqi ilə çıxış edən A.Alıyev qonaqlara Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri barədə məlumat verib. O həmçinin qeyd edib ki, dövlət qurumları ilə yanaşı, beynəlxalq təşkilatların da bu məsələyə olan münasibəti bizi məmnun edir: "Biz inanırıq ki, vətəndaşlarımız xidmətlərdən səmərəli istifadə edəcəklər".
B.Muradova mərkəzin açılışı münasibətilə iştirakçıları təbrik edib, həmçinin belə bir təşəbbüsün həyata keçirilməsində iştirak edən hər kəsə təşəkkürünü bildirib.
B.Muradova əlavə edib ki, Füzuli, Ağcabədi və Tərtər rayonlarında açılışı gerçəkləşən İcma Resurs Mərkəzlərinin ilk növbədə əhalinin həssas qruplarına və onların sosial-iqtisadi problemlərinin həllinə hərtərəfli dəstək göstərməsini nəzərdə tutan ilkin bərpa və icmanın dayanıqlılığının təmin edilməsi proqramının əhəmiyyətli bir hissəsidir.
Qeyd edilib ki, fəaliyyət göstərəcək 3 mərkəz müharibədən zərərçəkmiş icmaların təcili ehtiyaclarının müəyyənləşdirilməsinə kömək edəcək və əsas diqqəti qadınlar, uşaqlar və əlilliyi olan şəxslərə yönəltməklə zərərçəkmiş vətəndaşlara yaşayış imkanları, psixososial və biznes məsləhət xidmətləri daxil olmaqla sosial-iqtisadi bərpa dəstəyinin verilməsini təmin edəcəkdir.
Bahar Muradova vurğulayıb ki, bu layihə eyni zamanda qadınların əmək bazarına çıxış imkanlarının artırılması, onlar arasında sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi, peşə hazırlığının təkmilləşdirilməsinə kömək edəcək.
Daha sonra BMTİP-in Rezident nümayəndəsi Alessandro Frakassetti çıxış edərək tədbirdə iştirakından məmnunluğunu bildirib. O, Azərbaycan hökuməti və bir sıra beynəlxalq tərəfdaşlarla birgə həyata keçirilən layihələrdə diqqətin daim həssas qruplara yönəldiyini vurğulayıb. A.Frakassetti bildirib ki, hər kəs Mərkəzlərin təcrübələrindən faydalana bilər, xüsusilə qadınlar, gənclər, uşaqlar, həssas təbəqədən olan vətəndaşlar hüquqi və sosioloji yardım almaqla yanaşı, həm də iqtisadi dəstək ala bilərlər.
Tədbirin davamında layihə koordinatoru Əzizə Mehdizadə təqdimatla çıxış edib, həmçinin Dövlət Komitəsinin bir sıra nəşrləri Resurs Mərkəzinə təqdim edilib.
Çıxışlar dinlənildikdən sonra Füzuli sakinləri, eyni zamanda qaçqın və məcburi köçkün ailələri üçün ixtisasartırma təlimlərinin keçirilməsi, psixososial yardımın göstərilməsi ilə bağlı rəy və təkliflər bildirilib, disskusiya aparılıb. Tədbir müzakirələrlə davam edib.
Sonda yeni açılmış İcma Resurs Mərkəzinin nümayəndələri Dövlət Komitəsi adından şəhid ailələrinə hədiyyələr təqdim ediblər.