"Gecələr işıqları söndürmürük ki, ermənilər Laçında necə xoşbəxt yaşadığımızı görsünlər" - LAÇIN SÖHBƏTİ

"Gecələr işıqları söndürmürük ki, ermənilər Laçında necə xoşbəxt yaşadığımızı görsünlər" - LAÇIN SÖHBƏTİ İşğal dövründə bir gün də unutmadıq o yerləri. Ən xoş günümüzdə, çətinliklə üzləşəndə, gözəl bir yer görəndə, şirin nemət dadanda da Laçının, Kəlbəcərin, Şuşanın, Xankəndinin, Ağdamın və o zaman düşmən tapdağında olan yerlərin adı heç dilimizdən düşmədi.
Daxili siyasət
1 Dekabr , 2023 15:14
Gecələr işıqları söndürmürük ki, ermənilər Laçında necə xoşbəxt yaşadığımızı görsünlər - LAÇIN SÖHBƏTİ

İşğal dövründə bir gün də unutmadıq o yerləri. Ən xoş günümüzdə, çətinliklə üzləşəndə, gözəl bir yer görəndə, şirin nemət dadanda da Laçının, Kəlbəcərin, Şuşanın, Xankəndinin, Ağdamın və o zaman düşmən tapdağında olan yerlərin adı heç dilimizdən düşmədi. Dualarımız bir gün o yerlərə dönməyi diləməklə başladı, arzularımızın ən ümdəsi bu oldu.

Məcburi köçkünlərin toylarını yada salın, yas mərasimlərini xatırlayın. Gün o gün olsun növbəti toyu Laçında, Şuşada, Kəlbəcərdə, Ağdamda, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Füzulidə edək... Filankəs də yurd həsrəti ilə dünyadan köçdü...

Hə, bir də işğalda olan yerlərimizi unutmamaq, gənc nəslə tanıtmaq üçün gecə-gündüz çalışanlar vardı. Tədbirlər keçirirdilər, kitab yazırdılar, film çəkirdilər, sosial şəbəkələrdə qruplar yaradıb tez-tez paylaşımlar edirdilər. Laçınlı Orxan Cəbrayıl kimi. Bizim Orxan həkim.

Doğma yurdumuza da ilk qayıdanlardandır Orxan və ailəsi. O, hazırda Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışır. Həyat yoldaşı Şəbnəm Uğurlu isə Laçın rayon 2 saylı tam orta məktəbində direktor müavinidir.

Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə Laçına səfər edən zaman bu ailənin qonağı oldum, "Report" üçün söhbətləşdik. Söhbəti təqdim edirik.

- Laçında yaşamaq necə hissdir?

Orxan Cəbrayıl:

- İşğaldan azad edildikdən sonra Laçına gəlib-gedirdim. Avqust ayından etibarən isə buraya köçmüşük. Amma hələ də elə bilirəm ki, şirin yuxudayam. Özlüyümdə düşünürəm ki, həqiqətən də biz Laçındayıq və bizim uşaqlarımız Laçında məktəbə gedir? Laçın da, burada yaşamaq da çox gözəldir.

Şəbnəm Uğurlu:

- Laçında yaşamaq bizim üçün xəyal kimi idi. Şükürlər olsun ki, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, igid oğullarımız, qəhrəman qardaşlarımız, canlarından keçən şəhidlərimiz, sağlamlığından keçən qazilərimiz sayəsində biz və digər həmvətənlərimiz doğma yurdumuza qayıtdıq. Elə hisslər var ki, insan onları sözlərlə ifadə etməkdə aciz qalır.

Mən Laçından altı yaşımda çıxmışam. Hansı ki, o vaxt böyük həvəslə birinci sinfə getməyə hazırlaşırdım. Amma, təəssüf ki, mənfur düşmənin azğınlığı nəticəsində bizlər öz doğma yurdumuzu tərk etməyə məcbur olduq və beləcə mən birinci sinfə Bakı şəhərində 54 nömrəli tam orta məktəbdə getdim. Düzdür, məcburi köçkünlüyün çətinlikləri ilə üzləşsək də ən azından özümüzün evimiz vardı. Belə desək, bizim problemlərimiz çadırda yaşayan məcburi köçkünlərdən qismən yüngül olub. Amma həyat nə qədər gözəl olursa olsun, mənə elə gəlir ki, ən gözəli insanın mənsub olduğu, doğulduğu torpaqda yaşamasıdır.

Məncə, o torpağa bağlı olmaq, o torpağın arzusu ilə yaşamaq yəqin ki, həm də genetik bir faktordur. Atam heç bir musiqi təhsili olmadan bütün musiqi alətlərində ifa eləməyi bacarırdı. Rus dilini əla bilirdi, çox gözəl rəssam idi. Bu istedadlarına görə atamın dostları olan Şahmar Əkbərzadə, İsi İsmayılzadə dəfələrlə ona Bakıda işləməyi təklif etmişdilər. Amma atam Laçında yaşamağı, xalqına xidmət etməyi üstün tutmuşdu. Eləcə də Orxanın atası Əfqan həkim. Biz gözümüzü açıb belə görmüşük.

- Orxan doktor, bəs siz Laçından neçə yaşınızda çıxmışdınız?

- 10 yaşımda. Biz iki dəfə köçkün düşmüşük. Birinci dəfə 1992-ci il may ayında Laçın işğal olunanda. Həmin ilin yayında rayonumuzun şimal kəndləri düşməndən təmizləndi və bizim camaat evlərinə qayıtdı. İkinci dəfə 1993-cü il aprel ayında Kəlbəcərlə yanaşı, Laçının şimal kəndləri də işğala məruz qaldı. Həmin dövrdə biz mühasirəyə düşmüşdük. Kəndimizdən xeyli itkilərimiz olmuşdu. Bizim kəndin icra nümayəndəsi Yusif əmi, onun qardaşı, müəlliməmiz Səma xanım və azyaşlı qızı əsir düşmüşdülər. Sonra onun qızını girovluqdan azad etdilər, Səma müəllimə isə girovluqda intihar edib. Digərlərinin sonrakı taleyindən isə indiyədək heç bir məlumat yoxdur.

- İşğal illəri sizdən nələr aldı?

- Birinci növbədə uşaqlığımızı. Laçına qayıdanda vaxtilə yaşadıqlarım gözümün önündə canlandı. İşğal nəticəsində yüzminlərlə azərbaycanlı uşaq kimi mən də öz yoldaşlarımdan ayrılmışdım. Eləsi var ki, hələ də görüşə bilməmişəm. Bəziləri ilə 25 il sonra görüşdüm...

O vaxtı bizim çox böyük evimiz və gözəl uşaqlığımız vardı. Ancaq işğaldan sonra gedib Qax rayonunda məskunlaşdıq və birotaqlı evdə yaşayırdıq, maddi sıxıntılarımız olurdu. Digər tərəfdən, Laçında orta məktəbdə çox yaxşı oxuyurdum, əlaçı idim. Məktəb dəyişiklikləri, ümumiyyətlə, mühitin dəyişməsi istənilən halda uşağa təsir edir. Bir də psixoloji məqam var, mən özümü çox gec toparlaya bildim. Yəni bəlkə də təhsil sahəsində daha fərqli ola bilərdi.

Şəbnəm Uğurlu:

- Biz bir neçə ayın içərisində böyüməyə məcbur olduq. Çünki hər şeyi başa düşməli idik. Ailəni, düşdüyümüz vəziyyəti başa düşməliydik və s. Rahat şəraitə öyrəşmişdik, gözəl həyatımız var idi. Amma, təəssüf ki, hamısı birdən-birə yarımçıq qaldı. Bütün bunlar, düşünürəm ki, bir az da özünəinamımızı aldı.

- Bəs geniş anlamda götürəndə necə?

Orxan Cəbrayıl:

- Həmişə deyirdik ki, 20 faiz torpaqlarımız işğal edilib. Bəzən bu, dildə sadə səslənir, adama kiçik rəqəm kimi görünür. Ancaq azad olunan şəhərləri, rayonları, kəndləri gəzəndə görürsən ki, nə qədər böyük ərazilər itirmişdik, gəzdikcə bitmir.

İmdad Əlizadə:

- Razıyam. Horadizdən Güləbirdə qədər uzun bir məsafə qət edirsən. Yaxud mən Ömər aşırımından Kəlbəcərə, oradan Laçına gəlmişəm, daha sonra Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuliyə qədər getmişəm. Bu ərazilərdən keçəndə deyirsən ki, yox, bu, 20 faiz ola bilməz...

Orxan Cəbrayıl:

- Buralar çox ciddi iqtisadi potensialı olan yerlərdir. Həm turizm, həm kənd təsərrüfatı, həm də iqtisadiyyatın digər sahələri baxımından. Bu ərazilərin 30 il işğalda qalması Azərbaycan iqtisadiyyatına çox böyük bir zərbə vurub. Ən önəmlisi isə biz torpaqlarımızı müharibə yolu ilə geri almışıq. Bəlkə müharibə olmasaydı, hərbi xərclərimiz də az olardı. İndi bərpa və yenidənqurma üçün külli miqdarda vəsait ayrılır.

- Laçına qayıtmağa necə qərar verdiniz? Bu məqamda hansı suallar ortaya çıxdı, hansı psixoloji baryerlər vardı?

Şəbnəm Uğurlu:

- Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində müvəqqəti məskunlaşmışdıq. Məcburi köçkün kimi artıq Orxan 15 il, mən isə 11 il idi ki, orada yaşayırdım. Ailə qurandan sonra orada ingilis dili müəllimi kimi fəaliyyət göstərirdim. Daha sonra müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayaraq Taxta Körpüdə məktəbdə pedoqoji fəaliyyətə başladım. Fəaliyyətimdən 9 il sonra həmin məktəbin direktoru vəzifəsinə təyin olundum. Torpaqlarımız işğaldan azad olunanda artıq üçüncü il idi ki, orada direktor olaraq çalışırdım.

İşğal dövründə fikirləşirdik ki, görəsən, evimiz nə haldadır?! Bu yerlərə dönməklə bağlı xəyallar qururduq. Düzdür, peykdən baxırdıq, evimizin salamat olduğunu görürdük, amma ermənilər işğal etdikləri ərazilərimizdən çıxmağa məcbur olanda da evləri yandırırdılar. Ona görə də evimizin nə durumda olduğuna tam əmin deyildik.

Laçın şəhəri düşməndən təmizləndikdən sonra və dövlətimiz evlərin bərpasına başlayanda, bütün laçınlılar kimi böyük sevinc və qürur hissi ilə doğma yurdumuza köçəcəyimiz günü gözləyirdik.

İlk olaraq Orxan may ayında həkim kimi təcili yardım briqadası ilə Laçına gəldi. Dövlətin evləri bərpa etdiyini eşidən kimi ərizəmi bir gündə yazdım, direktorluqdan imtina etdim. Laçına dönməklə bağlı heç bir tərəddüdüm yox idi, qərarlıydım.

- Bəs həyat yoldaşınızla məsləhətləşdiniz?

Şəbnən Uğurlu:

- Məsləhətləşdim, amma məsələ Laçın idisə, artıq hər şey məlumdur. İndi evdə öz aramızda söhbətləşirik. Elə bilirik ki, Allah bizə ikinci dəfə həyat bəxş edib. Laçında yenidən dünyaya gəlmiş kimi tam fərqli bir hisslər yaşayırıq.

Orxan Cəbrayıl:

- Köç prosesi uşaqlarımız üçün bir az çətin oldu. Daha doğrusu, sinif yoldaşlarından, dostlarından ayrılmaq onlara asan deyildi. Bu yaxınlarda Qaxa getmişdik. Qayıdanda Ağcabədidən keçdik. Qızım Günəş hönkür-hönkür ağlamağa başladı. Dedi ki, Aydanı görmək istəyirəm. Aydan qonşumuzun qızıdır, bir yerdə böyüyüblər, günləri bir yerdə keçirdi. Bu baxımdan, bir az çətinlik oldu. Amma indi qohum-əqrəbadan uşaqlar bura gələndə Laçından ayrılıb getmək istəmirlər. Çünki çox xoşlarına gəlir. Həm də burada tədbirlər çox olur, xüsusən də əyləncəli tədbirlər. Uşaqların darıxmağa heç vaxtları yoxdur. Feysbukda qrupumuz var, oradan həm də votsap vasitəsilə qohumlarla, dostlarla əlaqə saxlayırıq...

- Bəli, Feysbukda laçınlıların qrupu var. Çox da məşhur qrupdur...

Orxan Cəbrayıl:

- Şəbnəmlə mənim tanışlığımız da bir az fərqli olub. Məsələn, əgər Laçın işğal olunmasaydı, biz Laçında yaşasaydıq, Şəbnəmi Laçında görərdim, bəyənərdim, evlənərdim. Yaxud, deyək ki, biz tələbə olan vaxtı Bakıya gedib-gələndə onu yolda görüb bəyənərdim. Amma bizim elə bir şansımız olmayıb. Laçının xeyli tanınmış ziyalıları var, mən onları bir araya toplamaq üçün belə bir qrup yaratmışam. Bunun vasitəsilə tez-tez görüşlər və tədbirlər keçiririk. Həmin tədbirlərdə Şəbnəmi də tanımışam. Düzdür, əvvəldən bir-birimizin nəslini tanıyırdıq. Bir dəfə də Bakıda bir görüş təşkil edildi. O ərəfədə rayonda olsam da, həmin gün təsadüfən Bakıya getdim və laçınlıların görüşündə iştirak etdim. Elə orada da tanış olduq. Sonra evləndik. Şəbnəm sağ olsun, Taxta Körpüyə köçüb orada birgə yaşamağımıza razı oldu.

Çay içmək üçün masanın üzərində olan baldan götürürəm.

- Laçın balıdır? Deyirlər Laçın balı daha şirin olur...

Orxan Cəbrayıl:

- Bəli, Laçın balıdır. Bal Laçında daha dadlıdır, ağzımız indi şirin olub, çünki vətəndəyik.

- Şəbnəm xanım, 31 ildən sonra işğaldan azad olunmuş Laçına qayıdan xanım üçün hansı çətinliklər, hansı üstünlüklər var? Çətinliklərin öhdəsindən necə gəlirsiniz?

- Gələndə qaz yox idi, mağaza təkmilləşməmişdi. Amma bu gün onların hamısı var və demək olar ki, problem yaşamırıq.

Orxan Cəbrayıl:

- Xanımlar üçün bir dənə də ticarət mərkəzi tiksələr, işlər tam olar. Vəssalam, bununla da bütün məsələlər bitər (gülür). Teatrımız hazırdır. Düz evin yanındadır, konsert mərkəzimiz inşa olunur, restoranlarımız da var. İndi bir dənə də Bakıdakı ticarət mərkəzləri kimi "Mall" olsa, xanımlar tam razı qalar.

- Şəbnəm xanım, bura sizin ata evinizdir. 31 il sonra qayıtdınız. Eviniz təsəvvürünüzdə necə idi və gələndə necə gördünüz?

Söhbətə Orxan Cəbrayıl qoşulur və hadisəni o nəql edir.

- Aqil Səfərəliyev adlı dostumuz var. Laçındandır. İlk dəfə bura Aqil gəlib. Görüntülü zəng etdi, üçümüz birlikdə danışdıq.

Şəbnəm Uğurlu davam edir:

- Evimiz tanınmaz halda idi. İşğaldan əvvəl həyətimizdə böyük tut ağacımız vardı, ağacdan da asılı olan qəşəng yelləncəyim. 1992-ci ildə kişilər qadınları yola salmışdılar, özləri əliyalın olsa da, Laçında qalmışdılar. Çünki erməni quldurları Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədəndən sonra insanların gözü qorxmuşdu, hamı anasının, bacısının, qızının erməniyə əsir düşməsindən ehtiyat edirdi, bunu təsəvvürlərinə belə gətirə bilmirdilər.

Laçından çıxan günün gecəsi Sumqayıta xalamgilə çatmışdıq. Bir müddət orada qaldıq. Onda Bakıda öz evimiz yox idi. Beş-altı gündən sonra bir də gördük qapı döyülür, anam qapını açdı, gördük ki, atam gəlib. Lakin içəri addım atmırdı, qapıya söykənib qalmışdı, sanki donmuşdu. Anam soruşdu ki, nə olub? Dedi ki, bəs siz çıxan gecə qrad mərmisi atdılar, tut ağacımız tikə-tikə oldu.

Anam heç evi də soruşmadı, dedi əsas odur sən sağ gəlmisən. Atam onda dedi ki, mənə ən çox Şəbnəmin yelləncəyinin də tut ağacı ilə birlikdə tikə-tikə olması pis təsir etdi. İndi görün biz necə mənfur insanlarla qonşu olmuşuq.

- Atanız nə vaxt vəfat edib?

Şəbnəm Uğurlu:

- Laçının işğalından bir il sonra, atam çox sağlam adam idi, amma Laçınsızlığa heç bir il də dözə bilmədi. Onda həkim bizə dedi ki, güman ki, atanız məhz o yelləncək məhv olanda ürəktutması keçirib. Atam deyirdi ki, yelləncəyi tikə-parça olmuş vəziyyətdə görəndə elə bil ürəyimdən nəsə ayrılıb yerə düşdü.

- Siz bura gələndən sonra o tut ağacından, yelləncəyinizdən hansısa bir nişanə axtardınız?

- Həyətin arxası elə idi ki, girmək qeyri-mümkün idi. Ona görə də axtara bilmədim...

- Bəlkə o tut ağacının yerində yenisini əkəsiniz?

- Fikrimizdə var. O tut ağacını yenidən əkəcəyik. Yenidən o yelləncəyi quracağıq. Bizim yarım qalan uşaqlığımızı övladlarımız xoşbəxt şəkildə yaşayacaq və o yelləncəkdə ürək rahatlığı ilə yellənəcəklər.

- Laçının və özünüzün Laçındakı gələcəyinizlə bağlı nə düşünürsünüz?

Şəbnəm Uğurlu:

- Mən 2019-cu ildən təhsil nazirinin əmri ilə Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi seçilmişəm. 2018-ci ildə ilin gənc müəllimi olmuşam. Təhsil sahəsində yaşıma görə bir çox uğurlarım olduğunu düşünürəm. Hazırda ADA Universitetində təhsilin idarəetməsi üzrə magistratura təhsili alıram. İndiyə qədər əlaçı gəlmişəm. Belə getsə, fərqlənmə diplomu ilə bitirəcəyəm. Amma ADA kimi daha üç universitetdə oxusam da, bundan sonrakı karyeramı da, həyatımı da ancaq Laçınla bağlayıram. Mən başqa yerdə yaşaya bilmərəm.

- Orxan həkim, sizin planlarınız necədir?

- Laçındakı ümumi ab-hava çox gözəldir, bu isə gələcəyə də böyük inam yaradır. Bütün bu işləri görəndə adamda hər şeyin yaxşı olacağı əminliyi yaranır.

Bilirsiniz ki, Laçın Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunmuşam. Laçında vaxtilə böyük səhiyyə ənənələri olub. Bizim də indi öhdəmizə düşən və qarşımızda duran əsas vəzifə Laçın səhiyyəsini yenidən qurmaqdır. Bunun üçün güclü potensialımız var. Əslən Laçından olan çox yüksək səviyyəli həkimlər yetişib.

- İşləmək üçün Laçına gəlmək istəyən həkimlər var?

- Bəli, onlar da bura gəlmək istəyirlər, müraciətlər də var. Xəstəxanada təmir işləri gedir, bitmək üzrədir. Hansı ki, bu xəstəxana hələ müvəqqəti nəzərdə tutulub. Əhalinin sayı artdıqca növbəti geniş xəstəxana binası inşa olunacaq. Laçında o ənənələrdən də istifadə edərək yenidən səhiyyə sistemi qurmaq bu dəqiqə mənim bir həkim və səhiyyə idarəedicisi kimi qarşımda duran əsas vəzifədir.

- Sizin atanız da həkim olub...

- Atam Laçının Şamkənd xəstəxanasının baş həkimi olub. O, Laçın camaatı arasında çox böyük nüfuzu olan ağsaqqal, ziyalı, həm də həkim idi. Mən də onun yolunu tutmuşam. O vaxt bizdə həkim çatışmazlığı vardı, nə qədər insan həkim olmadığı üçün vaxtsız vəfat edib. Bu səbəbdən babam həmişə deyirmiş ki, mən səni ona görə oxutmuşam ki, sən gəlib burada camaata xidmət edəsən.

- Laçın camaatı ilə işləmək asandır?

Orxan Cəbrayıl:

- Mənim üçün asandır. Çünki mən gənc olsam da, Laçın camaatını tayfa-tayfa tanıyıram. Bu barədə araşdırmalarım, məqalələrim var. Məsələn, insan otağa daxil olan kimi onun Laçının hansı bölgəsindən olduğunu o dəqiqə bilirəm. Düzdür, dağ adamları sərt olsalar da ürəkləri yumşaq olur, mərddirlər. Ona görə şəxsən mənim üçün Laçın camaatı ilə işləmək çox rahatdır. 15 il problemsiz işləmişəm. Bundan sonra da yeni məkanda, fərqli atmosferdə, yüksək əhvali-ruhiyyə və motivasiya ilə işləyəcəyik.

Şəbnəm Uğurlu:

- Öz camaatımızdır, heç bir problem yoxdur.

- Bura köçdükdən sonra həyatınızda nələr dəyişib?

Orxan Cəbrayıl:

- Artıq vətənsiz deyilik, vətənimiz var, doğma yurdumuzdayıq. Bir insanın həyatında bundan böyük dəyişiklik ola bilməz. Eyni zamanda, yeni insanlarla tanış olduq. Çoxu da laçınlılardır. Əvvəl onları tanımırdıq, burada tanış olduq. Yeni dostlar qazanmışıq. Axşamlar bir-birimizin evinə qonaq da gedirik.

- Laçında qonaq getmək ənənəsi də bərpa olunur?

- Bəli. Laçınlıların məşhur bir sözü var, gedək bir az filankəsgildə oturaq. İndi tez-tez bir-birimizin evinə gedirik, söhbət edirik, uşaqlar bir-biri ilə tanış olur, birlikdə vaxt keçirir, oynayırlar. Açığını deyim ki, şəxsən mənim üçün Laçında günlər daha xoş keçir, nəinki Taxta Körpüdə.

Şəbnəm Cəbrayıl:

- Taxta Körpüdə olanda görürdük ki, bir ailə bəzənib-düzənib harasa gedir. Orxan avtomobili saxlayıb deyirdi ki, hara gedirsiniz, avtomobil lazımdırmı? Deyirdilər xeyr, yaxına gedirik, filankəsgildə bir az oturub qayıdacağıq. Yəni insanlar bir-birilərinin evinə qonaq gedirdilər. Bizə qəribə gəlirdi. İndi özümüz də axşamlar oturmaq üçün dostların evinə gedirik, onlar bizə gəlirlər. Yəni işğaldan azad olunan ərazilərdə qonaq getmək ənənəsi də bərpa olunur.

Şəbnəm xanım davam edir:

- Səhərlər daha yüksək əhvali-ruhiyyə ilə oyanıram, işə həvəslə hazırlaşıram. Düzdür, işimi hər zaman sevmişəm, amma Laçında işləmək başqa bir zövqdür. Burada özümü çox xoşbəxt sayıram. İşimi də daha çox sevirəm. Bu, vəzifə ilə bağlı deyil. Taxta Körpüdə işləyəndə direktor kimi gedib məktəbin qapılarını açırdım, indi isə Laçında gedib məktəbin qapılarını açıram, dərsimi deyirəm. Arada çox böyük fərq var. Bu xoşbəxtlik fərqlidir.

- Laçınla üzbəüzdə düşmənlərimiz yaşayır. Müharibə oldu, torpaqlarımızı işğal elədilər. Uzun, 30 il məcburi köçkün həyatı yaşadıq. Bu qədər şeyləri itirdik. İkinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad etdik, Zəfər qazandıq. Bu gün Laçınla üzbəüz yaşayan düşmənlərə baxanda nə fikirləşirsiniz, hansı hissləri keçirirsiniz?

Şəbnəm Uğurlu:

- Məsələn, biz axşam mağazaya gedəndə yolumuz, tutaq ki, 10 addımlıqdırsa, bunu 40 addımlıq edirik. Bir neçə yerdən Laçının mənzərəsinə baxırıq, bundan zövq alırıq, xoşumuza gəlir. Biz necə Laçının gözəlliyinə baxıb qürur, fəxr hissi keçiririksə, əminəm ki, onlar da bizə qarşı paxıllıq hissi keçirirlər. Ona görə də Laçında işıqları gur yandırırıq. Gecələr işıqları söndürmürük, bunu bilavasitə düşmənlərimiz görsün deyə edirik. Evlərin fasadındakı işıqları gecələr söndürmürük, həm gözəl görünür, həm də düşmənlərimiz görür.

Orxan Cəbrayıl:

- Sentyabrın ortalarında işlə əlaqədar Ağcabədiyə getmişdik. Ayın 19-da Laçına qayıtmağa hazırlaşırdıq ki, günorta saatlarına da Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatları başladı. Gəldik Füzuliyə, orada bizi buraxmaq istəmirdilər. Postda olanlara dedim ki, mən həkiməm Laçına qayıtmalıyam, orada olmalıyam. Çox çətinliklə razılıq aldım, Laçına dorğu yola düşdük.

Bizim rayonun Güləbird kəndi ilə Laçın şəhəri arasında olan yolun təxminən 4 km. hissəsi düz düşmənlə üz-üzədir, erməni postlarının qarşısından keçir. Bir güllə atsalar, ondan yayınmaq mümkün deyil. Nə isə gecə Güləbirddəki bizim posta çatdıq, üç avtomobillə gəlirdik.

Postda dayananlar dedilər ki, vəziyyət ağırdır, getmək çox təhlükəlidir, olmaz. Onda iki avtomobili geri qaytardıq, Şəbnəm və mən öz avtomobilimdə Laçına doğru yola düşdük. Çünki uşaqlarımız da Laçında idi. Dedilər qalın, səhərə yaxın gedin, amma razılaşmadıq.

Şəbnəm Uğurlu davam edir:

- Bütün dostlar, qohumlar bilir ki, mən böcəklərdən qorxuram. Evdə bir böcək görsəm, elə qışqırıram ki, bütün qonşular eşidir. Həmin gecə Orxan fikirləşib ki, böcəkdən qorxan Şəbnəm gecə düşmənin postunun yanından necə keçəcək? Çünki antiterror əməliyyatları gedirdi, düşmən hər an bizi atəşə tuta bilərdi. Amma Orxan həmin vaxt bunu mənə deməyib, büruzə verməyib.

Oturduq avtomobilə, maqnitafonda Çinarənin "Azərbaycan" mahnısını qoyduq, tam səs verdik, ermənilər də eşidirdi. Deyib gülə-gülə həmin 4-5 km məsafəni keçib gəldik Laçına. Evə çatanda Orxan dedi ki, mən sənə məəttəl qalmışam. Sən bir balaca cücü, böcək görəndə qorxursan, amma ölümü gözə alıb ordan heç nə olmamış kimi keçdin. Cavab verdim ki, deməli bizim gözümüzdə, erməni postunda dayananların heç bir həşərat qədər də dəyərləri yoxdur.

Biz övladlarımızı nifrətlə deyil, sevgiylə böyüdürük. Amma ermənilər uşaqları nifrətlə böyüdür. Doğulduğu gündən uşağa deyirlər ki, türklər sizin düşməninizdir. Böyük nifrət və eqoyla əhatə edilən ermənilər özlərini böyük bir Ermənistan quracaqlarmış kimi, hər kəsə qalib gələ biləcəklərmiş kimi zənn edirdilər. Nəticədə Azərbaycanla 44 günlük müharibədə uduzdular. Biz isə o torpağa olan sevgimizlə, bağlılığımızla qalib gəldik. Biz nifrətlə deyil, sevgi ilə qalib gəldik.

- Orxan həkim, siz nə düşünürsünüz bu haqda?

- Mən o vaxtdan Laçın şəhərində yaşayan ermənilərin sosial şəbəkələrdəki səhifələrini izləyirəm. Onların paylaşdığı şəkilləri götürüb Laçın səhifəsində yayırdıq. Elə ki vəziyyət dəyişdi, onlar başladı məni izləməyə. İndi Laçınla bağlı nə video, şəkil paylaşıram, götürüb onu öz səhifələrində yayırlar. Hamısına da kədərli bir söz, ya da şeir yazıb paylaşırlar. Bunlar hamısı mənə xüsusi bir zövq verir. Yaşatdıqlarını yaşayırlar.

Bir sözlə, işğal dövründə Laçını ermənilərin səhifəsindən izləyirdim, indi isə Laçında rahat, isti evimdə oturub Gorusun kəndlərində yaşayan erməniləri izləyirəm. Qoy indi onlar sosial şəbəkələrdə Laçınla bağlı nəsə foto, video axtarsınlar.

Bir haşiyə də çıxım. Biz evə köçməmişdən əvvəl dostlardan biri bura gəlib, çəkiliş etmişdi, videonu bizə göndərmişdi. Yerdə bir uşaq şəkli vardı, bu evdə yaşayan ermənilər gedəndə qoyub gediblər. Dostumuz bilmədən fotonu ayaqlamışdı. Qızım Dəniz videoya baxanda dedi ki, əmi niyə uşağın şəkilini ayaqlayıb? Cavab verdim ki, görməyib, bilərəkdən etməyib. Həm də ermənilərin azərbaycanlı uşaqlara necə zülm etməsindən danışdım. Söylədim ki, onlar da sənin ata-ananın uşaqlığını əlindən alıblar, məhv ediblər.

Razılaşmadı, dedi ki, yox, onlar bizə etsə də, gərək biz etməyək. Bu, bizim böyütdüyümüz uşaqdır. Bəs ermənilər övladlarını necə tərbiyə edirlər? Gecə-gündüz təbliğat aparırlar ki, azərbaycanlılar, türklər düşməndir.

Ona görə də 100 il əvvəl də, 30 il əvvəl də, indi də eyni hadisələr baş verir. Amma bundan sonra biz elə bir nəsillər yetişdirməliyik ki, bu yaddaşımız diri olsun. Mən demirəm ki, tarix boyu düşmən qalaq. Amma unutmayaq.

- Bura qayıtmaq istəyən adamlara nəsə sözünüz var?

Orxan Cəbrayıl:

- Əlbəttə var. Bilirsiniz, torpaq uğrunda ölən varsa, vətəndir. Bu, çox düzdür. Bu, çox məşhur bir sözdür. Bəli, torpaq uğrunda ölən olanda vətən olur, torpaq qanla yuyulanda vətənləşir. Əgər sən onun üzərində yaşamayacaqsansa, sənin vətənin olmayacaq. Necə ki, ermənilər Laçını bizim əlimizdən aldı. 30 il. Amma heç nə etmədilər, əksinə viran qoydular, dağıtdılar, özlərinə vətən edə bilmədilər. Çünki öz torpaqları deyildi. İndi isə bizim iki il müddətində burada gördüyümüz işlərin miqyasına baxın, müqayisə edin. Bu gün mərhələli şəkildə Laçına köç həyata keçirilir. Laçına gələcək insanlara demək istəyirəm ki, ilk dövrdə bir qədər çətin olacaq, amma çətinlik o demək deyil ki, biz bura gəlməməliyik. Gəlib məskunlaşmalıyıq, öz torpağımıza, yurdumuza sahib çıxmalıyıq. Biz burada yaşamasaq, kim yaşayacaq? Biz yaşamalıyıq.

Söhbəti bayaqdan diqqətlə bizə qulaq asan uşaqlarla davam etdirirəm. Orxan Cəbrayıl və Şəbnəm Uğurlunun iki övladı var. Dənizin 11, Günəşin 7 yaşı var. Onlar hazırda Laçın rayon 2 nömrəli tam orta məktəbdə təhsil alırlar.

- Dəniz, Laçın xoşuna gəldi?

- Bəli, Laçın çox gözəldir.

- Ən çox nə xoşuna gəldi?

- Evimizin həyətindən baxanda qarşıdakı dağın başındakı duman gözəl olur. Duman çox xoşuma gəlir. Həm də qəşəng bulvarımız, seyrəngahımız var. Oralar da gözəldir.

- Əvvəllər valideynlərin sənə Laçın haqqında danışırdılar? Nələr yadında qalmışdı?

- Bəli. Deyirdilər ki, Laçının təbiəti çox gözəldir, hündür dağları, soyuq bulaqları var, hər yer gül-çiçək, yaşıllıq olur. Həkəri çayında gözəl qızıl balıq olur, həm də dadlı olur. Almanın bir tərəfi qırmızı, digər tərəfi çəhrayı olur. Adamları mehriban, qoçaq olur, hamı bir-birinə kömək edir.

- Məktəbə gedirsən?

- Gedirəm.

- Laçında özünə yeni dostlar qazanmısan?

- Bəli. Hamımız bir-birimizi çox istəyirik. İstəyirəm yenə də uşaqlar gəlsin, sayımız çox olsun. Taxta Körpü qəsəbəsindəki dostlarım da gəlsin.

- Ata sizi Laçının kəndlərinə aparıb?

- Bəli, Şamkəndə, Minkəndə, başqa kəndlərə də getmişdik.

Şamkənd Dəniz və Günəşin atasının, Minkənd isə anasının kəndidir.

- Hansı kəndi bəyəndin?

- Minkəndi. Çünki ora gözəl yerdir. Çünki meşənin ətəyində yerləşir. Həm də çoxlu qoz, alça vardı. Havası da qəşəng idi.

Günəş müdaxilə edir.

- Xeyr, Şamkənd gözəldir. Çünki orada çoxlu böyürtkən vardı. Həm də Şamkənddə kabab dadlı olur.

Müsahibəni uşaqların bu gözəl söhbətləri ilə yekunlaşdırıram...

Mən 2020-ci ilin sentyabrından əvvəl belə müsahibələrdən çox etmişəm. Onların hər biri bu cümlə ilə bitib: "O gün olsun ki, belə bir müsahibəni Kəlbəcər, Füzuli, Şuşa, Xankəndi, Ağdam, o cümlədən Laçında edim".

Bu gün həmin gündür, arzuların gerçəkliklə qovuşduğu o xoşbəxt gün...

Foto: İlkin Nəbiyev

Son xəbərlər

Orphus sistemi