Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun rəhbər və nümayəndələri Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək, xatirəsini anıblar.
Nazirlikdən “Report”a bildirilib ki, ulu öndər Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”, - söyləyirdi.
Gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var. Ulu öndərin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu.
Ümummilli lider Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil ölkəmizin bu günü, gələcəyi haqqında düşünməlidir” sözlərini rəhbər tutan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan Şanlı Zəfərlə bu gün Azərbaycan gənci qalib və müzəffər ölkənin vətəndaşlarına çevriliblər.
Ulu öndərin gənclər üçün miras qoyduğu dövlətçilik ənənələri, dövlət gənclər siyasətinin Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi ilk illərdən başlayaraq hər zaman aparıcı istiqamətlərdən biri olub. Bu gün Azərbaycan gəncləri tərəfindən bu siyasət böyük minnətdarlıqla yad edilir.