Azərbaycan Respublikasında təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Hafiz Mir Cəlal oğlu Paşayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, H.Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olub. O, 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib.1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.
1971-1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub.
1975-1976-ci illərdə İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib. 1984-cü ildə doktorluq dissertasiyası müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.
1992-2006-cı illərdə Azərbaycanın ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Ölkə prezidentinin 14 avqust 2006-cı il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini – Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.
2011-ci il mayın 2-də Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
2 may 2016-cı il tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif olunub.
2019-cu ilin iyul ayında 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
100-dən artıq elmi əsər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifi olan H.Paşayev ingilis və rus dillərini bilir.
Evlidir, iki övladı var.