Prezident İlham Əliyev “Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2281 nömrəli sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla “Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2281 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1192) ləğv edilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilirdi. Sentyabrın 28-də isə Prezident İlham Əliyevin “Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında” sərəncamı ilə Daxili İşlər naziri Vilayət Süleyman oğlu Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilmişdi.
Xatırladaq ki, Azərbaycanda dekabrın 12-si saat 00:00-dan etibarən hərbi vəziyyət ləğv olunub.