Heydər Əliyev Mərkəzində Zefer.az saytının təqdimatı keçirilib

Heydər Əliyev Mərkəzində Zefer.az saytının təqdimatı keçirilib Yanvarın 21-də 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə həsr olunmuş zefer.az saytının təqdimat mərasimi keçirilir.
Daxili siyasət
21 Yanvar , 2022 12:05
Heydər Əliyev Mərkəzində Zefer.az saytının təqdimatı keçirilib

Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə həsr olunmuş "zefer.az" saytının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. 

Tədbirin moderatoru Prezident Administrasiyasının əməkdaşı Humay Qasımova 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə həsr olunmuş “zefer.az” saytının təqdimat mərasimini açıq elan edib. 

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Sonra tədbir iştirakçılarına "zefer.az" saytına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova xalqımızın “Zəfər” salnaməsinin yaddaşalara köçürülməsi, Zəfərin tarixi yaddaş baxımından mühüm əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə “zefer.az” saytının, bundan əvvəl isə şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün “memorial.az” saytının yaradıldığını bildirib. O, Azərbaycan xalqının 30 il hazırlaşdığı və 44 gün ərzində keçdiyi Zəfər yolunun virtual salnaməsi-ensiklopediyası olan “zefer.az” saytının ideya və məqsədlərindən danışıb. Saytın loqosunun 3 elementi əhatə etdiyini qeyd edən S.Yusifova onların birləşərək xalqımızın 44 gündə keçdiyi Zəfər yolunu simvolizə etdiyini söyləyib.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin Komitə sədri Zahid Oruc qeyd edib ki, “44 günlük savaş milli və siyasi təqvimimizin yeni, parlaq, möhtəşəm salnaməsidir. Azərbaycan xalqı təkcə 30 illik işğala son qoymayıb, həm də böyük zaman ölçüsündə - az qala 300 illik tarixində regional və beynəlxalq şərtləri ədalət və haqq mübarizəsi naminə məharətlə dəyişdirə bilib, əsrlərlə onun taleyini başqa meydanlarda müəyyən edən qüvvələrlə bir masada öz hərbi qələbəsini rəsmiləşdirə bilib. Ona görə də savaşda qazanılan qalibiyyət qədər heç bir “uğur hekayəsi” bir xalqı dünya xəritəsində qalıcı və güclü etmir. Yeni milli və siyasi kimliyi formalaşdırmaq üçün kollektiv yaddaşın formalaşdırılması, bu məqsədlə yüzlərlə platformaların və resursların yaradılması təkcə dövlət və hakimiyyət orqanlarından deyil, eləcə də bütün sosial-siyasi qruplardan, dini, etnik və mədəni  fərqləri vahid ideal naminə kənara qoyub döyüşlərdə olduğu kimi eyni məqsəd naminə birləşməyi bacaran hər bir insandan konkret işlər görməyi tələb edir. Yüzlərlə ədəbi, bədii, elmi nümunələrin yaradılması, yaddaş kitablarının yazılması, ordumuzun qəhrəmanlığından bəhs edən gerçək tarixin daş salnamələrə köçürülməsi indiki və gələcək nəsillər qarşısında fövqəladə vəzifələr qoyur. "Zefer.az" informasiya platforması milyonlarla azərbaycanlının yaradıcı gücünü və enerjisini bir araya gətirmək, 44 günlük müqəddəs savaşın hər bir səhifəsini tarixin silinməz “hard disk”inə çevirmək üçün böyük fürsətlər açır”. 

Daha sonra “azvision.az” saytının baş redaktorunun müavini Səbinə Həsənova "zefer.az" saytını təqdim edib. Qeyd edilib ki, saytın ideyası və konsepsiyası, özü Prezident Administrasiyasına məxsusdur. Dizayn və proqramlaşdırma işləri “Webcoder” şirkəti, məzmun hissəsinin hazırlanması və sayta doldurulması “Azvizion” şirkəti tərəfindən həyata keçirilib. Ümumilikdə 12 bölüm, 62 alt bölüm üzrə 4000 səhifə, 7765 şəkil və 757 videodan ibarət olan sayt Azərbaycanın 44 günlük Vətən müharibəsinin virtual salnaməsidir və həmin günlər ərzində hərbi, siyasi-diplomatik, informasiya və ictimai müstəvilərdə baş verən bütün əsas hadisələri əhatə edir. Sayt ensiklopedik formatda hazırlanıb, Vətən müharibəsi və “Böyük qayıdış”la bağlı məlumatları özündə əks etdirir. İlkin olaraq Azərbaycan dilində yaradılan saytın ingilis və rus dillərində də olması nəzərdə tutulur.

Xüsusi təyinatlı qüvvələrin kapitanı, Vətən müharibəsi qazisi Vasif Dilavərzadə müharibənin itkisiz, ağrısız, zəhmətsiz olmadığını vurğulayıb: “44 günlük döyüşlərdə xüsusilə fərqlənən xüsusi təyinatlılar bunun üçün illərlə böyük fədakarlıqlar göstərmiş, işinə, xidmətə məsuliyyətlə yanaşmış və vicdanla çalışmışlar. İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycan xalqının əzmini, ordumuzun döyüş qabiliyyətini gördü, vətənpərvər azərbaycanlıların milli birliyinin, öz Ali Baş Komandanını dəstəklədiyinin, onun ətrafında sıx birləşdiyinin şahidi oldu”.

Təqdimatın keçirilməsinə Heydər Əliyev Mərkəzi, Sosial Tədqiqatlar Mərkəzi və Medianın İnkişafı Agentliyi dəstək verib.

11:18

Yanvarın 21-də Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə həsr olunmuş "zefer.az" saytının təqdimat mərasimi keçirilir.

"Report" xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin baş məsləhətçisi Humay Qasımovanın moderatorluğu ilə keçirilən tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət və media təmsilçiləri iştirak edirlər.

Tədbir Vətən müharibəsində şəhid olanların əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra “zefer.az” saytına həsr olunmuş videoçarx nümayiş edilib.

Son xəbərlər

Orphus sistemi