“Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılması ilə əlaqədar icra hakimiyyətləri aparatının strukturunda bəzi ştatların sayı dəyişdirilib.
“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nda dəyişiklik edilməsi ilə bağlı fərmanında nəzərdə tutulub.
Fərmana əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının struktutunda “Hüquq və kadr məsələləri şöbəsi” və “İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi”nin hər birinin ştat sayı 1 vahid azaldılıb.
Bundan başqa, Bakı şəhərinin rayonlarında icra hakimiyyəti aparatının strukturunda “Hüquq şöbəsi” və “İctimai-siyasi və humanitar məsələlər şöbəsi”nin hər birinin ştat sayı da 1 vahid azaldılıb.
Həmçinin digər şəhər və rayonların icra hakimiyyəti aparatının strukturunda analoji dəyişiklik edilib.
Qeyd edək ki, fərmanda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılması nəzərdə tutulub.