"Azərbaycan xalqı tarix boyu zaman-zaman ermənilərin soyqırımına məruz qalıb. Belə faciə və müsibətlər ötən əsrin 90-cı illərində Azərbaycan xalqının başına yenidən gətirildi. Onlar işğal etdikləri torpaqlarımızda bütün məktəbləri, mədəniyyət abidələrini, qəbiristanlıqları dağıdaraq yerlə-yeksan ediblər. Məscidlərimiz, tarixi abidələrimiz də dağıntıya məruz qaldı".
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Ermənistan Xocalı kimi dəhşətli soyqırımı törədib: "Eyni soyqırımları 1905-1918-ci illərdə də həyata keçirmişdilər. Biz Quba, Şamaxı, Bakı və digər bölgələrdə onların həyata keçirdikləri soyqırımları tarixdən yaxşı xatırlayırıq. Bu hadisələr zamanı minlərlə günahsız azərbaycanlı qətlə yetirildi. Bu gün 4 minə qədər azərbaycanlının taleyi məlum deyil. Onların bir qismi qətlə yetirilib, bir qismi əsir götürülüb. Ermənistan bu günə qədər Azərbaycana bununla bağlı heç bir məlumat vermir. Beynəlxalq qurumlar da bu məsələyə heç bir ciddi reaksiya vermirlər. Ermənilər mülki insanlara qarşı böyük amansızlıqlar sərgiləyib. Halbuki heç vaxt, hətta müharibə dönəmində heç bir mülki erməniyə qarşı zorakılıq sərgiləməyib. Ermənistan isə uşaqları, qocaları belə vəhşiliklə qətlə yetirib. Ermənilər təbiətə qarşı da ekosid həyata keçiriblər. İşğal etdikləri ərazilərdə əksər meşə fondlarını məhv ediblər, ağacları qırıblar, hətta ağacların kötüklərini belə yandırıblar".
Deputat bildirib ki, ermənilər bu vəhşilikləri dini abidələrimizə, məscidlərimizə qarşı da törədiblər: "Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib, onlardan donuz və inək tövləsi kimi istifadə edilib. Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı bu məsələyə xüsusi olaraq toxunub, erməni vəhşiliyinə dair müxtəlif faktlar səsləndirib, dünya ölkələrini, beynəlxalq qurumları bu vandallığa münasibət bildirməyə çağırıb.
"Təkcə Cəbrayılda 5 tarixi məscid tamamilə dağıdılaraq yerlə yeksan edilib. Həmçinin işğaldan azad olunmuş ərazilərdə alban kilsələrinin bir qismi saxtalaşdırılıb, bir qismi isə tamamilə dağıdılıb. Nəinki alban kilsələri, həmçinin Xocavənd rayonunda olan rus pravoslav kilsəsi də ermənilər tərəfindən tamamilə dağıdılıb. Azərbaycanda isə Bakının mərkəzində erməni kilsəsi dövlət tərəfindən içərisində 5 min ədəbiyyatla qorunub saxlanılır. Ermənilərdən fərqli olaraq, biz bütün dini abidələrə hansı dinə aid olmasından asılı olmayaraq hörmətlə yanaşırıq, qoruyuruq. Budur Azərbaycan reallığı. Məhz bu siyasətə və yanaşmaya görə Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biri sayılır", C.Məmmədov vurğulayıb.