İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib.
Daxili siyasət
19 Sentyabr , 2024 22:23
İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib.

"Report" xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına ev-muzeyində yaradılan şərait barədə məlumat verdi.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin evi XIX əsrdə inşa olunub. 1959-cu ildə bina ev-muzeyi kimi fəaliyyətə başlayıb. Görkəmli bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi Üzeyir Hacıbəylinin ev-muzeyi Şuşa şəhəri işğal edilən tarixədək fəaliyyət göstərib. Muzeydə Hacıbəylilər ailəsinə məxsus ev əşyaları, həmçinin bəstəkarın şəxsi əşyaları, fotomateriallar, kitablar - ümumilikdə 1700 eksponat qorunub saxlanılırdı. Şuşa şəhəri ermənilər tərəfindən işğal edildikdən sonra muzey fəaliyyətini dayandırmış, eksponatları talanmış, binası isə dağıdılmışdı. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-sını qorumaq mümkün olmuşdu.

Bildirildi ki, Üzeyir Hacıbəylinin ev-muzeyində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərinə 2022-ci ilin aprel ayından başlanılıb. Bərpa prosesi evin ilkin görünüşünə uyğun olaraq analizlərin hazırlanması, bünövrələrin möhkəmləndirilməsi, döşəmənin, fasadların və dam örtüyünün bərpası, daxili və xarici bəzək işləri, qapıların, pəncərələrin, mühəndis-kommunikasiya sistemlərinin quraşdırılmasını, həmçinin həyətyanı sahənin yaşıllaşdırılmasını əhatə edib. Ərazidə mövcud divar daşlarının sökülərək ölçülərinə görə inventarlaşdırılması, dağılmış hissələrdə bünövrələrin qazılması və sahənin ümumi təmizlənməsi işləri aparılıb. Həmçinin material analizi üzrə nümunələr götürülərək Türkiyədəki laboratoriyada tədqiq edilib, konservasiya və restavrasiya hesabatları yerinə yetirilib. Ev-muzeyinin daxilində divarlar və arakəsmələr hörülüb, döşəmənin bərpası və yenidən qurulması işləri görülüb. Həyətin daş divarının bərpası üzrə bünövrənin qazılıb betonlanması, tarixi görkəminə uyğun hörgüsü və dekorativ elementlərin qoyulması işləri həyata keçirilib.

Muzey binasında aparılan bərpa işlərinin yekununda yeni ekspozisiya yaradılıb. Burada muzeyin konsepsiyası üzrə Üzeyir Hacıbəylinin ev-muzeyinin xilas edilən eksponatları nümayiş olunur.

Mədəniyyət ocağının birinci mərtəbəsində Üzeyir Hacıbəylinin ailəsi, uşaqlıq illəri, təhsili haqqında sənədlər, məlumat və digər müxtəlif eksponatlar yer alıb. Bu mərtəbədəki ikinci otaqda Ü.Hacıbəylinin Qori Müəllimlər Seminariyasında təhsili, pedaqoji fəaliyyəti, müəllifi olduğu əsərlər və məqalələri nümayiş olunur. Burada divarboyu “Sənsiz” romansından notların əks olunduğu fraqment də yer alıb.

İkinci mərtəbədə bəstəkarın tamaşaya qoyulan əsərlərinin ilk premyeralarının afişa və proqramları, eləcə də tələbələrini, səfərlərini əks etdirən fotoşəkillər nümayiş olunur. Burada divarboyu “Koroğlu” operasından notların əks olunduğu fraqment yer alıb.

Ev-muzeyində Üzeyir Hacıbəylinin səhnələşdirilən əsərlərindəki obrazlar üçün çəkilən eskizlər, əsərlərinin proqram və afişalarının kollajından ibarət divar da dizayn edilib. Həmin bölmədə bəstəkarın həyatı, fəaliyyəti, onun əsərləri əsasında lentə alınan filmlərdən kadrlar nümayiş olunur.

16:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi