“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi” - Qərbi Azərbaycan Xronikası

“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi” - Qərbi Azərbaycan Xronikası Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
Daxili siyasət
27 İyul , 2024 04:15
“Konsertdən sonra səhnəyə gül gətirən erməni məni bıçaqla vurmaq istəyirdi” - Qərbi Azərbaycan Xronikası

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Məni ermənilər mahnı yarışlarına qoymadılar” adlı veriliş Pəmbək mahalının Böyük Qarakilisə rayonunun Hallavar kənd sakini Səmayə İsmayılovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, məktəb illərində müxtəlif oyunlar oynadığını, səhnədə mahnı oxuduğunu, ailədə saz səsi ilə böyüdüyünü deyib: “Mən özümü dərk edəndən rəqslə, mahnı oxumaqla, idmanla məşğul olmağı, yarışlara getməyi xoşlamışam. Çox gözəl uşaqlığım keçib. Uşaqlığımın hər dəqiqəsi mənim üçün çox dəyəri olub. Yaxşı səsə malik olsam da, ermənilər mahnı yarışlarına qoymur, bizə təsir edirdilər. Azərbaycanlıların ən öndə gedən insanlarını məhv etmək üçün hər vasitəyə əl atıblar”.

1970-ci ildə Bakıda Pedoqoji Texnikomda, Azərbaycan Dövlət İncəsənət Universitetində oxuduğunu, 1977-ci ildə İrəvan Dövlət Azərbaycan Teatrına dəvət aldığını deyən Hallavar sakini Kalinino rayonunun Şahnazar kəndində konsert zamanı təhlükəli anlar yaşadığını xatırladıb, həmçinin başqa hadisələrdən söz açıb: “1988-ci il martın 18-də İrəvanda qapımıza plakat yapışdırdılar ki, sizin bayramınızı qana döndərəcəyik. Nəinki mənim, orada nə qədər azərbaycanlı var idi hamısına yapışdırmışdılar. Həmin gün uşaqları götürüb Naxçıvanı keçdik. Ortadan Meğriyə, Zəngilana gəlməli idik. Meğridə vaqonları daş-qalaq edib, şüşəsini çilik-çilik etdilər. Uşaqları yataq yerinin altında gizlətdik. Avqust ayında uşaqları Bakıda qoyub məccburən yenidən İrəvana qayıtdıq. Hər gün bizim həyətə bünzin dolu butulka atırdılar. Biz hər dəqiqə ölümlə üzüzə idik. Çox dəhşətli anlar yaşadım. Oktyabrın 6-da Qazağa gəldik. Hər postda avtobusu dayandıranda varımızdan yox olurduq. Bakıya gələndə xəbər gəldi ki, İrəvanda evimizi yandırıblar”.

Onun sözlərinə görə, 1988-ci il dekabrin 7-də Hamamlıda (Spitak) baş verən dəhşətli zəlzələ Hallavar camaatının həyatını xilas edib, insanlar vertolyotlarla kənddən çıxıblar.

Vətən həsrətinin böyük ağrı olduğunu deyən S.İsmayılova kəndə qayıdacağı günü ümidlə gözləyir: “Əminəm ki, o torpaqlara qayıdacağıq. Orada mənim yüz arxa dönənim yaşayıb, o torpağı onlar əkib-becərib, yetirib-bitirib, bizi bu dünyaya gətirib, orada basdırılıblar. Biz ora getməliyik və onların ruhunu sevindirməliyik. İnanıram ki, kafirlərin bağladığı yolumuz açılacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyulun 26-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Son xəbərlər

Orphus sistemi