Dünyanın mötəbər siyasi platformalarından biri olan “Qadın Siyasi Liderlər” (WPL) təşkilatının Reykyavik Qlobal Forumu start götürüb. Forum postpandemiya dövründə qadınların iqtisadi, sosial və siyasi imkanlarının genişləndirilməsi və onların rəhbər siyasi vəzifələrdə iştirakının təmin edilməsi mövzularını əhatə edəcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanı “Qadın Siyasi Liderlər” (WPL) təşkilatında ölkə səfiri kimi təmsil edən Milli Məclisin deputatı Könül Nurullayeva məlumat verib.
Onun sözlərinə görə, üç gün davam edəcək tədbirdə 700-ə yaxın nüfuzlu qadın siyasətçilər, fəallar, beynəlxalq təşkilat rəhbərləri, idarə heyəti üzvləri və dövlət başçıları iştirak edir: "Tədbir iştirakçıları arasında ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton, Avropa Parlamentinin sabiq vitse-prezidenti Silvina Koç-Mehrin, Avropa Komissiyasının sabiq prezidenti Coze Manuel Barroso, Belçika Şahzadəsi Mari Esmeralda, Estoniyanın prezidenti Kersti Kalyulaid, "CARE İnternational" beynəlxalq təşkilatının prezidenti Mişel Nun, Norveçin baş naziri Erna Solberq, Avstraliyanın sabiq baş Naziri Yuliya Gillard, BMT Qadın təşkilatının icraçı direktoru Fumzile Mlambo-Nqçuka və İslandiyanın hazırki baş naziri Katrin Yakobsdottir də var".
K.Nurullayeva Reykyavik Qlobal Forumunda milli bəyanatla çıxış edib.