“Kürdəmir əhalisinin, RİH-nin vəzifəli şəxsləri tərəfindən rüşvət alınması, dövlət əmlakının ələ keçirilməsi barədə çoxsaylı müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı qeyd olunan faktlar təsdiqini tapmış və 19.08.2020-ci il tarixdə Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, başçının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanılıb”.
“Report” xəbər verir ki, bunu 57 saylı Kürdəmir seçki dairəsinin deputatı Əminə Ağazadə “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, icra başçısı Ceyhun Cəfərov Azərbaycan Respublikası CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham edilir. Hazırda həmin faktla əlaqədar tam, hərtərəfli və obyektiv istintaq davam etdirilir.
“Korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü kimi təəssüf hissi ilə bildirirəm ki, ölkədə davam edən korrupsiya ilə radikal mübarizə tədbirlərinə baxmayaraq, deputat seçildiyim Kürdəmir rayonunda da bu kimi neqativ hallar baş vermişdir. Ancaq əminliklə bildirirəm ki, güclü dövlət, şəffaf idarəçilik sistemi naminə bundan sonra da korrupsiya ilə əlaqədar hüquq pozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar kəsərli tədbirlər davam etdiriləcək və təqsirli şəxslər öz layiqli cəzalarını alacaqlar”, - deputat əlavə edib.