Fevralın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonuna çatıb.
"Report" xəbər verir ki, Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 78 nəfər, Zabux kəndinə 4 ailə - 11 nəfər köçürülüb.
Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində 211 ailə, 808 nəfərin daimi məskunlaşması təmin edilib.
Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.
“Report” xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 20 ailə – 78 nəfər, Zabux kəndinə isə 4 ailə – 11 nəfər köçürülür.
Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.
Köçürülənlərin nəqliyyat vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
Bununla da bugünkü köç də nəzərə alınmaqla Laçın şəhərinə cəmi 451 ailə (1705 nəfər) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 808 nəfərə çatıb (211 ailə).