Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin Qland şəhərində Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) baş direktoru Bruno Oberle və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) baş direktoru Marco Lambertini ilə ikitərəfli görüşlər keçirib.
IDEA İctimai Birliyindən "Report"a verilən məlumata görə, IUCN-nin baş direktoru ilə görüş zamanı Cənubi Qafqaz regionunun özünəməxsus bioloji müxtəliflik nümunələrinin qorunub saxlanması ilə bağlı mövcud vəziyyət müzakirə edilib, təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, yeni birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.
Leyla Əliyeva IDEA İctimai Birliyinin dünyada ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ilk və ən böyük beynəlxalq təşkilat olan IUCN-nin üzvü olmasından məmnunluğunu ifadə edib və qurumun rəhbərini Azərbaycana səfər edərək ölkəmizin zəngin təbiəti və bioloji müxtəlifliyi ilə yaxından tanış olmağa dəvət edib.
Daha sonra dünyanın 100-dən çox ölkəsində minlərlə təbiəti mühafizə layihələri həyata keçirən WWF-in baş direktoru ilə görüş keçirilib, sözügedən təşkilatla IDEA İctimai Birliyi arasındakı mövcud əməkdaşlıq müzakirə edilib.
Söhbət zamanı tərəflər Azərbaycanda nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi və bərpasına yönəlmiş birgə səylərdən məmnunluq ifadə edərək, əməkdaşlığın getdikcə daha da sıx olacağına əminliyini bildiriblər. Bu xüsusda, nəsli kəsilməkdə olan ceyran və bəbirlərin qorunması, eləcə də zubrların Azərbaycana reintroduksiya edilməsinə yönəlmiş birgə layihələrin uğurla həyata keçirildiyi qeyd olunub, digər nadir heyvan növlərinin çoxaldılması və təbii areallarına qaytarılması üzrə təşəbbüslərin başlanılmasına dair razılığa gəlinib.