Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu, görkəmli dövlət və ictimai xadim, siyasətçi və publisist Məhəmməd Əmin Rəsulzadənin Gürcüstana səfəri ilə bağlı 1915-ci ilə aid ilk məlumat qonşu ölkənin Milli Parlament Kitabxanasının arxivində saxlanılır.
“Report”un yerli bürosu xəbər verir ki, həmin məlumat o dövrdə Tbilisidə işıq üzü görən “Teatr və həyat” adlı həftəlik jurnalın 29 mart 1915-ci il tarixli 13-cü sayında dərc edilib.
Nəşrin 8-ci səhifəsində qısa məlumatla yanaşı, M.Ə.Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və Rövşən Əfəndiyevin Tbilisidə çəkilən fotoşəkilləri də yer alıb. Məlumatda deyilir: “Akaki Tseretelinin fevralın 8-də İrəvan meydanında (Tbilisinin hazırkı Azadlıq meydanı – red.) dəfn mərasimində nitqlə çıxış edən tatar nümayəndələri. Tatardilli “İqbal” qəzetinin redaktoru Məhəmməd Əmin Rəsulzadə tatar, Birinci Dumanın üzvü Əlimərdan bəy Topçubaşov rus, müəllim Rövşən bəy Əfəndiyev tatar dilində çıxış edib”.
M.Ə.Rəsulzadə mərasimdə çıxışında bu sözləri deyib: “Ey böyük şair, ey nəcib bir millətin yetirdiyi ali düha, sən sağlığında birlik və məhəbbət təlqin edirdin. Öldün: fəqət əmin ola bilərdin ki, sənin ruhun ölməmiş, o hələ diridir”. (Nəsiman Yaqublu. “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”, 2013)
Gürcüstanın Mərkəzi Kitabxanasında dəfn mərasimini əks etdirən arxiv fotoşəkillər də qorunur.
A.Tsereteli Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsərini gürcü dilinə tərcümə etməklə Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin əsasını qoyanlardan biri olub. Azərbaycan nümayəndə heyətinin böyük gürcü şairin dəfnində iştirakı onun xatirəsinə böyük ehtiram və hörmətin nümayişi olub.
Tarixi mənbələrə əsasən, R.Əfəndiyev 31 dekabr 1884-cü ildə Şəkidə doğulub, 1904-cü ildə şəhərin ibtidai məktəbində müəllimliyə başlayıb. Müəllimlik fəaliyyətini 1908-ci ildən Tiflis şəhərində davam etdirib. O, burada xeyriyyə işlərində, türk balalarını xristian evlərindən bir yerə toplamaq üçün Tiflisdə yaradılan Yetimlər evinin təsis olunmasında də yaxından iştirak edib. R.Əfəndiyev daha sonra Tiflis Müsəlman Milli Komitəsi İcraiyyə Komitəsi, Qafqaz Hərbi Şurasının üzvü olub.
Qeyd edək ki, sabah Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü tamam olur. İlk demokratik respublikanın müstəqilliyi 1918-ci ilin mayın 28-də Tbilisidə elan edilib.