Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə layihəsi çərçivəsində iyulun 24-dən etibarən regional seminar-müşavirələrə başlanılıb.
"Report" xəbər verir ki, ilk tədbir bu gün MSK və DİN təmsilçilərinin də iştirakı ilə Bakı şəhər Baş Polis İdarəsində təşkil olunub.
Milli Məclisə seçkilərdə polis əməkdaşlarının xidməti fəaliyyətinə həsr olunan seminar-müşavirələrdə ölkə üzrə bütün seçki dairələri dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Tədbirlərdə MSK-nın üzvləri, Komissiya Katibliyinin əməkdaşları və DİN-in müvafiq qurumlarının nümayəndələri tərəfindən Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsində, seçkiqabağı təşviqat dövründə, habelə səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri barədə təqdimatlar keçiriləcək, çıxışlar dinləniləcək və müzakirələr aparılacaq.
Maarifləndirmə və məlumatlandırma xarakterli seminar-müşavirələr növbəti mərhələdə iyulun 25-də Gəncədə, iyulun 26-da Şəkidə, iyulun 29-da Şirvanda və iyulun 30-da Naxçıvanda keçiriləcək.
Qeyd edək ki, Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” da hazırlayıb və aidiyyəti üzrə çatdırılıb.