"Azərbaycanda təhlükəsizlik təmin edilir. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil də çox önəmlidir".
"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində "Cənab Prezident, fikrinizcə, investorları bu Azad İqtisadi Zonaya nə cəlb edəcək və onlar nəyə görə məhz buraya sərmayə qoyacaqlar?" sualını cavablandırarkən deyib.
"Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Biz istəyirik ki, bütün dünya ölkələri buraya gəlsinlər və investisiya qoysunlar. Bu amil də çox önəmlidir.
Digər tərəfdən, ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu, aksiomdur. Sərmayə qoyuluşu baxımından cəlbedici ölkələrin təcrübəsinə baxsanız, bunu görərsiniz. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir", - dövlət başçısı bildirib.