"Biz indi ərzaq təhlükəsizliyimizi təmin etmək üçün əməli addımlar atırıq. Ölkəmizin imkanları, gözəl iqlim, bir neçə iqlim zonasının mövcudluğu bizə imkan verir ki, bir çox məhsullar Azərbaycanda yetişdirilsin. Məhsuldarlığın artırılması əlbəttə ki, bu işlərə daha böyük təkan verəcək. Biz nəzərə almalıyıq ki, Azərbaycan dövləti sürətlə inkişaf edir, tələbat artır, əhali artır".
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Zaur Mikayılovu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.
"Sovet İttifaqı dağılanda Azərbaycan əhalisi 7 milyon idisə, bu gün 10 milyondan çoxdur. Deməli, istehlak artır. Daxili istehlakı təmin etmək və ixrac imkanlarımızı artırmaq üçün əlbəttə ki, qeyri-neft sektoru sahəsində kənd təsərrüfatının xüsusi yeri vardır. Təbii ki, suvarma aparılmadan, bu sahədə işlər düzgün istiqamətdə təşkil olunmadan biz hər hansı bir uğurdan söhbət apara bilmərik. Əldə edilmiş nailiyyətlərlə əlaqədar çox danışmaq olar, mən, sadəcə, əsas məqamları qeyd etmişəm", - Prezident bildirib.