"Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, bizim şəhərlərimizi ballistik raketlərlə, fosfor bombalarla, kaset bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub. Ancaq Azərbaycan vətəndaşı öz torpağından bir addım geri atmayıb. Dedilər ki, öldü var, döndü yoxdur, sona qədər gedəcəyik".
"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında çıxışında xalqımızın qəhrəmanlığından danışarkən səsləndirib.
Dövlət başçısı deyib: “Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Azərbaycan Ordusunda bir fərari də olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik”.
Azərbaycanın bundan sonra yalnız inkişaf edəcəyini vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, azad edilmiş torpaqlara həyat qayıdacaq. Bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var.