Azərbaycan xalqı böyük tarixi yaşayır. Biz 30 ildən sonra tarixi ərazilərimizi işğaldan azad etdik. Rəşadətli Ordumuz Müzəffər Ali baş Komandanın rəhbərliyi altında tarixi ədaləti bərpa etdi.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.
"Azərbaycan bayrağı 30 ildən sonra tarixi torpaqlarımızda dalğalanır. Bu, dövlətimiz üçün böyük uğur, ordumuz üçün böyük qələbə, xalqımız üçün isə qürur məsələsidir. Biz bu tarixi qələbəni illər ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət konsepsiyası sayəsində əldə etdik. Bu illər ərzində sistemli şəkildə görülən işlər, beynəlxalq müstəvidə aparılan uğurlu xarici siyasət, bütün sahələr üzrə imkanların səfərbər olunması Azərbaycanın mövqeyini daha da möhkəmləndirdi. Biz beynəlxalq təşkilatlarda münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini nəzərdə tutan sənədlərin qəbuluna nail olmaqla həm də hüquqi bazanı möhkəmləndirmiş olduq. Azərbaycan Prezidentinin diplomatik cəbhədə sərgilədiyi prinsipiallıq münaqişənin nəyin bahasına olursa olsun, mütləq ərazi bütövlüyü prinsipləri çərçivəsində həll olunması ilə reallığı da ön planda saxlayırdı. Dövlət başçısının da söylədiyi kimi, Qarabağ məsələsi bu illər ərzində hər zaman mərkəzdə olub. Cənab Prezident intensiv şəkildə istər beynəlxalq platformalarda, istərsə də həmsədrlərlə görüşdə münaqişənin hərbi yolla həllini istisna etmirdi. Bu yanaşma bir daha göstərirdi ki, Azərbaycan Prezidenti heç bir halda ərazi bütövlüyü məsələsində güzəştə getməyəcək. Zaman göstərdi ki, həqiqətən də lider faktoru böyük önəm kəsb edir. Güclü lider həm də güclü xalq və güclü dövlət deməkdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfi hər zaman güclü Azərbaycan dövlətinin formalaşdırılması olub. Cənab Prezident 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, düşünülmüş siyasət həyata keçirdi. Öz siyasətində milli maraqları prioritet kimi görən, bütün qüvvəsini bu istiqamətdə səfərbər edən Prezident İlham Əliyev prosesləri dəqiq qiymətləndirərək, verdiyi bütün vədləri gerçəkləşdirməkdədir.
Ölkə iqtisadiyyatının sürətli inkişafı və müasir iqtisadi sistemin yaradılması, mərkəzində insan amili, vətəndaşın maraqlarının dayandığı sosial siyasət, Azərbaycan ordusunu dünyanın 50 ən güclü ordusundan birinə çevirən ordu quruculuğu siyasəti, müstəqil xarici siyasət ölkəmizi beynəlxalq münasibətlər sisteminin layiqli və nüfuzlu üzvünə çevirib.
Bu illər ərzində əldə etdiyimiz uğurlar və dövlət başçısının prinsipiallığı hər gün böyük Qələbəni yaxınlaşdırırdı. 44 günlük Vətən Müharibəsi zamanı da kənar təzyiqlərin heç biri Azərbaycanın ali rəhbərliyini ali məqsədimizdən yayındıra bilmədi. Ali baş komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusu düşmənə də, onun himayədarlarına da öz yerini göstərdi. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Sözün bütün mənalarında nəyi, necə və nə zaman etmək lazım olduğunu bilən Prezident İlham Əliyev xalqın birmənalı şəkildə dəstəklədiyi liderdir. Azərbaycan təcrübəsi təsdiqlədi ki, rəhbər qətiyyətli və prinsipial olduqda xalqın sözü dövlətin imzası qədər keçərli olur", - K.Nurullayeva deyib.