Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də paytaxtın Sabunçu rayonunda 71 saylı tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
"Report" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sabunçu rayonundakı 71 saylı orta məktəbdə aparılan əsaslı təmir işləri barədə Prezident İlham Əliyevə məlumat verib.
Bildirildi ki, şagird sıxlığı nəzərə alınaraq, təhsil ocağı üçün 864 yerlik, 30 sinif otağından ibarət əlavə korpus da inşa olunub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hərtərəfli inkişaf konsepsiyasında təhsil sahəsi də prioritet yer tutur. Respublikanın hər yerində, o cümlədən paytaxtda məktəblərin əsaslı təmiri, yenidən qurulması, yeni təhsil ocaqlarının və tədris korpuslarının inşası istiqamətində misilsiz işlər görülür. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil alması, elmin sirlərinə daha dərindən yiyələnməsi üçün hərtərəfli imkanlar açır. Bu, eyni zamanda, Azərbaycan dövlətinin gənc nəslin savadlı, bilikli, intellektual səviyyədə yetişməsinə göstərdiyi diqqətin bariz nümunəsidir.
Sabunçu rayonundakı 71 saylı orta məktəbin binası 1980-ci ildə inşa edilib. 1176 şagird yerlik binada sinif otaqları ilə yanaşı, fənn laboratoriyaları, akt və idman zalları da müasir səviyyədə şagirdlərin ixtiyarına veriləcək. Sinif otaqları və laboratoriyalar zəruri tədris avadanlığı ilə təchiz olunub.