Prezident “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib

Prezident “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasim
Daxili siyasət
28 Aprel , 2022 13:15
Prezident “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib
İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib.

"Report" xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına “Zərifə Əliyeva” gəmi-bərəsi barədə məlumat verib.

Bildirilib ki, gəmi-bərənin layihəsi ötən ilin əvvəlində istismara verilən “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsi ilə eynidir. Otuz nəfərlik heyət üzvünün idarə etdiyi gəmi-bərə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür. “Azərbaycan” və “Zərifə Əliyeva” gəmi-bərələri bu göstəricilərinə görə Xəzər hövzəsində istismar olunan digər gəmi-bərələrdən daha üstündür. Dünyanın aparıcı istehsalçılarının müasir avadanlıqları ilə təchiz olunan gəmidə yük lifti, helikopter meydançası, dalğalı havada gəminin sabitləşdirilməsi sistemi, dartıcı lokomotivlər vardır.

Prezident İlham Əliyev gəmi-bərənin istismara verilməsini bildirən rəmzi lenti kəsib.

Xatırladaq ki, ötən ilin martında Suveyş kanalının bağlanması nəqliyyat dəhlizlərinin şaxələndirilməsi məsələsini beynəlxalq gündəlikdə önə çıxarmışdı. Hazırkı geosiyasi təlatümlər fonunda isə bu məsələ aktuallığını xüsusilə artırıb. Buna görə də Şərq-Qərb-Transxəzər dəhlizi xüsusilə cəlbedici görünür və Azərbaycan da yeni çağırışlara adekvat olaraq infrastrukturunu yaxşılaşdırır.

Gəmi-bərənin “Zərifə Əliyeva” adlandırılması Azərbaycan dənizçilərinin görkəmli alim və həkim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın xatirəsinə olan sonsuz ehtiramının ifadəsidir. Gəmi-bərədə akademik Zərifə Əliyevanın elmi axtarışlarını, qazandığı uğurları, insanlara xeyirxah münasibətini, bir sözlə, fədakarlıqla dolu həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb. Guşədə akademik M.İ.Averbax adına mükafatın ilk qadın laureatı olan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyeva haqqında foto və video məlumatlar, kitablar toplanıb.

Gəmi-bərə ilə tanış olan Prezident İlham Əliyev daha sonra onun işə salınmasını bildirən düyməni basıb.

Qeyd edək ki, “Zərifə Əliyeva” gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi olan ASCO-nun digər bərələri ilə birgə yükdaşımalara, eləcə də əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının reallaşdırılmasına mühüm töhfə verəcək. Dünya standartlarına cavab verən belə bir bərənin Azərbaycanda inşa olunması bir tərəfdən dövlətimizin qüdrətini, iqtisadi müstəqilliyini nümayiş etdirirsə, digər tərəfdən onu göstərir ki, ölkəmiz böyük sənaye potensialına və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın yeni inkişaf mərhələsində uğurla addımlayır.

Pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı tənəzzülə baxmayaraq Azərbaycan iqtisadi inkişafını, o cümlədən beynəlxalq nəqliyyat dəhlizlərində artan roluna uyğun olaraq uğurla həyata keçirilən infrastruktur layihələrini davam etdirir. Təsadüfi deyil ki, bu gün ölkəmiz istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizlərinin mühüm “hab”ına çevrilib. Prezident İlham Əliyevin nəqliyyatın, o cümlədən gəmiçiliyin inkişafına xüsusi diqqəti də Azərbaycanın bu sahədə potensialını tam olaraq gücləndirməyə hesablanıb.

Bu gün ASCO-nun donanmasında 13 bərə gəmisi, “Ro-Ro” tipli 2 gəmi və “Ro-Pax” tipli 1 gəmi fəaliyyət göstərir. Hazırda ASCO dəmir yolu vaqonlarının dəniz vasitəsilə daşınmasını təmin edən Xəzərdə yeganə bərə operatorudur. Qeyd olunan donanma həm vaqon, həm də avtomobil yükləri üçün Xəzər dənizində körpü rolunu oynayır və bu imkandan Transxəzər dəhlizi üzrə yükdaşımaları həyata keçirən bütün istifadəçilər yararlanırlar.

Azərbaycanın gəmiçilik sahəsində mühüm nailiyyətlərindən biri də geniş potensiala malik və regionun ən müasir müəssisələrindən sayılan Bakı gəmiqayırma zavodunun 2013-cü ildə istifadəyə verilməsidir. Bu zavodun istismara verilməsi ölkəmizdə yeni gəmilərin alınması istiqamətində idxaldan asılılığı aradan qaldırıb. Azərbaycanda belə bir zavodun yaradılması Xəzər dənizinin spesifik xüsusiyyətlərini və bu hövzədə mövcud liman infrastrukturlarının texniki imkanlarını nəzərə almaqla, nadir layihələr və yeni konsepsiyalar əsasında bütün növ gəmilərin tikintisinə imkan verir. “Ro-Pax” tipli gəmilər də bu qəbildəndir. Ən yüksək standartlara uyğun gəmi-bərələrin istehsalı Azərbaycan dövlətinin istər iqtisadi, istərsə də sənaye və texnologiyalar sahələrində gücünün göstəricisidir. Hazırda zavodda ASCO-nun donanması üçün daha 2 tankerin inşası davam etdirilir.

Onu da deyək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 2014-cü ildə qəbul olunmuş Strateji İnkişaf Planının icrası çərçivəsində ötən müddətdə ümumilikdə 24 gəmi istismara verilib. Azərbaycan gəmiləri Xəzərdən kənarda - Qara dəniz və Aralıq dənizi hövzələrində də fəaliyyət göstərir. Burada ASCO-nun 7-si quru yük gəmisi və 6-sı tanker olmaqla 13 gəmisi istismar edilir. Həmin hövzələrdə Azərbaycan bayrağı altında üzərək ölkəmizi xarici sularda təmsil edən gəmilərin heyəti bütünlüklə azərbaycanlı dənizçilərdən təşkil olunub.

10:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Ro-Pax” tipli “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak edib.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi