Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, qardaş Türkiyənin və bir sıra digər ölkələrin vətəndaşları Prezident, Ali Baş Komandan İlham Əliyevə məktublar yazmaqda davam edirlər.
“Report” Prezidentin saytına istinadən həmin məktubların daha bir neçəsini təqdim edir.
Rusiyanın Moskva şəhərindən Cavid İbrahimov yazır: “Əziz və çox hörmətli Prezident İlham Əliyev, gördüyünüz işlərə görə Sizə çox minnətdarıq. Sizin siyasətiniz Azərbaycan Respublikasının tərəqqisinə və rifahına xidmət edir. Mən Moskva şəhərində universitetdə təhsil alıram. Xarici ölkədə yaşayan hər bir azərbaycanlı kimi, öz xalqımızın mədəniyyətini təmsil edirəm. Qəlbimiz, ruhumuz Sizinlədir, Vətənimizin mənafeyini qorumağa hər zaman hazıram.
Mənim ailəm Xocavənd rayonundan köçkündür. Bütün xəbərləri diqqətlə izləyirik. Əsgərlərimizin uğurlarını eşitdikcə sevincimizin həddi-hüdudu olmur. Ailəmiz şanlı Azərbaycan Ordusunun tezliklə qələbə qazanacağına əmindir. Biz mütləq öz doğma torpaqlarımıza qayıdacağıq. Sizin rəhbərliyinizlə Azərbaycan Ermənistan üzərində zəfər çalacaq. İnşallah, o gün gələcək və bütün məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Allah Sizi və Ordumuzu Qorusun! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Moskva şəhərindən Yelena Fyodorova yazır: “Çox hörmətli cənab Prezident, icazə verin, hazırda baş verən faciəli hadisələrlə əlaqədar sizlərlə həmrəy olduğumu Azərbaycan xalqına və şəxsən Sizə bildirim. Sizin kimi mən də MDBMİ-nin məzunuyam. Sizi əmin edirəm ki, Rusiyanın düşünən beyinləri – ziyalılarının əksəriyyəti mənimlə eyni fikirdədir: burnunun ucundan uzağı görməyi bacarmayan erməni siyasətbazlarının cılız ambisiyaları ucbatından cavanların qanı tökülür, dinc sakinlər həlak olur. Ümid edirəm ki, Sizin siyasi müdrikliyiniz vəziyyətin daha da gərginləşməsinin qarşısını alacaqdır. Rəşadətli Azərbaycan xalqına səmimi qəlbdən qələbə və davamlı rifah arzulayıram!”.
Türkiyənin Sivas şəhərindən Dilara Altas: “Hörmətli cənab Prezident, mən Türkiyənin Sivas şəhərində yaşayıram. İnönü Universitetində “Orta əsrlər tarixi” üzrə doktorluq dərəcəsi ilə bağlı elmi araşdırma aparıram. Elmi işimin mövzusu Azərbaycan tarixi ilə bağlıdır. Türkiyə Respublikasının vətəndaşı olaraq Qarabağ problemi ilə bağlı atdığınız cəsarətli addımlara görə Sizə minnətdaram. Azərbaycanı Türkiyə qədər sevən, onlar arasında heç bir fərq qoymayan bir insan kimi Qarabağın müdafiəsi üçün əlimdən gələni etməyə hazıram. İngilis, fars və erməni dillərini bildiyim üçün tarixi mənbələri araşdırıb əldə etdiyim bilik və faktları böyük türk millətinə xidmət etmək üçün istifadə edirəm. Ona görə də bir tarixçi kimi Azərbaycana xidmət etməyə hazıram. Biz Sizinlə fəxr edirik. Azərbaycanın Türkiyə ilə birlikdə bölgənin ən güclü dövlətləri olmaq üçün göstərdiyiniz səylərə görə minnətdarıq”.
İstanbul şəhərindən Bayraməli Çakıroğlu: “Hörmətli Prezident, əziz oğlum, Sizə sevgilərimi və haqq işinizdə qələbələriniz üçün dua etdiyimi bildirmək istəyirəm. Tarix daim haqqın sonda qələbə çaldığının şahidi olur, biz də Sizin qələbələrinizin şahidi olacağıq. 87 yaşımda bu günləri görmək mənim üçün böyük səadətdir. Bu gün xalqınız Sizin ətrafınızda səfərbər olub. Bütün dünya müsəlmanlarının da duaları Sizinlədir, zəfəriniz üçündür. Allahın lütfü ilə qalib olar, torpaqlarınıza qovuşarsınız, İnşallah!”.
Van şəhərindən Görkem Büyükdağ: “Hörmətli Prezident, hamımız üçün dəyərli, böyük insan İlham Əliyev, mən Türkiyə Respublikasının vətəndaşıyam. Ermənistanın ölkənizə hücumunun qarşısını almaq üçün başladığınız əməliyyatları həyəcanla izləyir, Sizlər üçün dualar edirəm. Can dediyimiz, Vətən bildiyimiz Azərbaycan üçün əlimizdən gələni etməyə, əsgərlərinizlə çiyin-çiyinə dayanmağa hazıram. Zəfər xəbərlərini gözləyirik!”.
Kəlbəcər sakini Novruz Alışov: “Cənab Prezidentim, Siz Azərbaycan tarixinin ən şanlı zəfərinin banisi kimi böyükdən kiçiyə milyonların qəlbində taxt qurmuş bir qəhrəmansınız. İllər ərzində apardığınız uğurlu xarici siyasətiniz, qətiyyətli addımlarınız, möhkəm iradəniz nəinki düşməni, hətta onun havadarlarını belə susmağa məcbur edib. Azərbaycan xalqının 27 illik susqunluğunu haqq səsinizlə dünya ictimaiyyətinə çatdırdınız. İndi düşmən anlayır ki, ədalətin səsi yüksəlir, susmaq növbəsi onlardadır.
Mən də bir şəhid qardaşıyam, məzarına belə həsrət qaldığım qardaşımın qisasının alındığını gördükcə sanki qəlbimdəki sönməyən alova su çilənir. Ümidvaram ki, neçə belə oğulların uğrunda şəhid olduğu Vətən torpağının hər bir qarışında Sizin rəhbərliyiniz altında şanlı bayrağımız dalğalanacaq. İgidlərin narahat ruhları rahatlıq tapacaq. Eşq olsun Azərbaycan əsgərinə! Eşq olsun məğrur Ali Baş Komandanımıza!”.
Goranboy sakini Taryel Abbasov: “Hörmətli cənab Ali Baş Komandan, Sizin rəhbərliyinizlə aparılan əks-hücum əməliyyatlarını xalqımız diqqətlə izləyir. Uşaqdan böyüyə bütün xalq Sizin üçün, Ordumuz üçün dualar edir. Azərbaycan xalqı daim Sizin yanınızdadır. Biz Goranboy ağsaqqalları Sizi Azərbaycan xalqının, millətinin qəhrəmanı olaraq görürük. Siz bu xalqın qəhrəmanına çevrilmisiniz. Siz, biz ahılları gələcək nəsillərin yanında başımızı uca etdiniz, inanırıq ki, yaxın günlərdə torpaqlarımızın bütövlüyünü, qələbə sevincini bizə yaşadacaqsınız. Bu dəqiqə Sizin necə gərgin rejimdə işlədiyinizi çox yaxşı bilirik. Allah Sizə və rəşadətli, qüdrətli Ordumuza dayaq olsun. Cənab Prezident, Siz tarix yazırsınız, min illər keçəcək, Sizin adınız ən görkəmli sərkərdələr, dünya liderləri sırasında daim çəkiləcək”.
Cəbrayıl sakini Mirislam Seyidzadə: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, hazırda mən və hərbçi yoldaşlarım Cəbrayıl rayonundayıq. İşğaldan azad olunan əraziləri gördükcə ürəyimiz açılır, Sizinlə fəxr edirik. Allahın köməyi ilə düşmənlərin hamısını məhv edəcəyik. Sizin kimi Prezidentimiz olduğu üçün qürurluyuq. Sizə öz adımdan və hərbçi yoldaşlarım adından təşəkkür edirəm”.
Füzuli sakini Sevda Hümbətova: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, bu günlər Azərbaycan xalqı Sizin rəhbərliyiniz və rəşadətli Ordumuzun iştirakı ilə şanlı tarix yazır. Bir müəllimə olaraq böyük qürur hissi keçirirəm ki, qüdrətli ölkəmizin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar məhz Sizin adınızla bağlıdır. Sizdən əmr alan Azərbaycan Ordusu üzərinə düşən missiyanı və döyüş tapşırığını layiqincə icra edərək işğaldan azad olunmuş bir sıra torpaqlarımızda 30 ildən sonra üçrəngli bayrağımızı yenidən dalğalandırır. Biz öz Prezidentimizə inanır, ona arxalanır, onunla fəxr edirik. Qətiyyətli, cəsarətli və müdrik qərarları ilə milli maraqlarımızın müdafiəsində sonadək dayanan Prezidentimizin olması bizim böyük xoşbəxtliyimizdir. Cənab Prezident, bir daha Sizə, müzəffər Ordumuza və cəsur Azərbaycan əsgərinə minnətdaram. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Bakı şəhər sakini Orxan Əzimov: “Hörmətli cənab Prezident, ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində yürütdüyünüz haqlı siyasət bütün xalqın ürəyincədir. Bu günləri, bu hissləri, bu birliyi Sizə görə yaşayırıq, cənab Prezident. Sizin bu istiqamətdə atdığınız hər bir addımı dəstəkləyir, daim arxanızda olduğumuzu bildirmək istəyirik. Sizə inanır və Sizinlə qürur duyuruq!”.
Ağcabədi sakini Rəhman Qurbanovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə şanlı Ordumuzun qazandığı qələbələr bizdə qürur hissi doğurur. Nail olduğumuz bu zəfərlərə hər birimiz sevinirik. Biz fəxr edirik ki, bizim belə xilaskar Ordumuz və onun başında duran bacarıqlı Ali Baş Komandanımız var. Bütün bunlara görə Sizə “çox sağ olun” deyirik. Qüdrətli Ordumuzun müqavimətinə tab gətirə bilməyən erməni işğalçıları dinc əhalimizə atəş açır, bu da onların acizliyini göstərir. Biz də onların atəşindən qorxmuruq, Ordumuza da inanırıq. Bilirik ki, biz Qələbə çalacağıq. Bəzi ölkələrin rəhbərlərinin atəşkəsə çağırması bizim Prezidentimizi haqq yolundan döndərə bilməz. Cənab Ali Baş Komandan, tezliklə Azərbaycanın Milli Qəhrəmanı kimi Sizin Azadlıq Meydanında qələbə paradı keçirməyinizi arzu edirik”.
Füzuli sakini Amil Mirzəliyev dövlətimizin başçısına yazır: “Cənab Ali Baş Komandan, Füzuli şəhərinin faşist düşmənlərdən azad edilməsi ilə bağlı Sizin məlumatı sevinc gözyaşıları ilə dinlədim. Artıq mən məcburi köçkün deyiləm. Təşəkkürlər cənab Ali Baş Komandan! Təşəkkürlər rəşadətli Azərbaycan Ordusu! Təşəkkürlər- 27 ildən sonra Füzuli şəhərini bizə bəxş etdiyinizə görə! Təşəkkürlər bizi köçkün adından xilas etdiyinizə görə! Allah bu müqəddəs Vətən müharibəsində Sizə yar və yardımçı olsun. Allah Sizi xalqımızdan və Vətənimizdən əskik etməsin. Biz Sizinlə güclüyük, cənab Ali Baş Komandan. Biz azsaylı xoşbəxt xalqlardan biriyik ki, Sizin kimi böyük liderimiz var. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Kürdəmir sakini Ətraf Əlabbasov: “Cənab Ali Baş Komandan, Vətənimizin torpaqlarının azadlığı, Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu qələbə ilə irəliləyir, qalib gəlir. Bu münasibətlə Sizi və Azərbaycan Ordusunu, Azərbaycan xalqını, Qarabağ müharibəsi əlillərini, veteranlarını təbrik edirəm. Mənim tək bir övladım, oğlum Abdul sentyabrın 30-da orduya çağırılıb. Hazırda N saylı hərbi hissədə təlim keçir. Mən özüm SSRİ vaxtında Batumidə artilleriya üzrə ixtisaslaşmış hərbi hissədə xidmət etmişəm, topçuyam. 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin komandalığı altında hərbi səfərbərliklə orduya çağırılmışam. Füzuli və Ağdamda gedən döyüşlərdə iştirak etmişəm. Hazırda Vətənimizin Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmək arzusundayam. Mən Azərbaycan Ordusu ilə qürur duyuram. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Bakı şəhər sakini Qəzənfər Bayramov: “Hörmətli cənab Prezident, xarici ölkə vətəndaşı olmağıma baxmayaraq, hər an doğma torpağıma, yurduma xidmət etməyə canla-başla hazıram. Sizin əmriniz olacağı təqdirdə, təmənnasız olaraq Vətənimə xidmət etmək, torpaqlarımızı işğalçılardan azad etmək mənim üçün böyük şərəf olar. Ümummilli liderimiz Heydər Əliyev münaqişənin dinc yolla həll edilməsi üçün çox çalışdı. Lakin erməni qəsbkarları və onların havadarları öz işğalçılıq niyyətlərindən əl çəkmədilər. Yaxın tariximizi xatırlasaq aydın olar ki, hələ ötən əsrin 70-ci illərində Azərbaycanın rəhbəri Heydər Əliyev SSRİ rəhbərliyinə ermənilərin azğınlığı, terrorçu təşkilatlar yaratmaları barədə məlumat vermişdi. Mən özüm isə 1975-1977-ci illər arasında erməni terrorçularının Moskva şəhərində törətdikləri terror aktlarının yaxından öyrənilməsi üçün Rusiyanın əlaqədar qurumlarına müraciət etmişdim.
Erməni iddiaları torpaqlarımızın zəbt olunması ilə nəticələndi. Lakin bütün azərbaycanlılar kimi, mən də əminəm ki, Azərbaycan haqq və ədalət mübarizəsində qalib gələcək. Mən ön cəbhəyə gedərək, terrorçulara – erməni faşistlərinə qarşı vuruşmağa hər an hazıram. Torpaqlarımız azad edildikdən sonra Qarabağda bərpa və quruculuq işlərində yaxından iştirak etmək arzusundayam. Sizinlə fəxr edirik! Yaşasın xalqımız, yaşasın Ordumuz!”.
Bərdə sakini Asif Əliyev yazır: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, şanlı Ordumuzun Azərbaycanın işğal altındakı torpaqları azad etməsi münasibətilə Sizi təbrik edir, Ordumuza uğurlar arzulayıram. Bu gün bütün Azərbaycan əhalisinin bir devizi var: "Hər şey cəbhə üçün, hər şey qələbə üçün". Otuz illik atəşkəs rejimindən yararlanaraq qüdrətli ordu yaratmısınız və bu gün biz öz sözümüzü və şərtlərimizi diktə edirik. Hərbi uğurlarla yanaşı, siyasi uğurlarımız da davam edir. İnşallah, Azərbaycan xalqının sülhsevər olduğunu, öz torpaqlarını qorumağı bacardığını bütün dünyaya göstərəcəksiniz. Ulu öndərimiz Heydər Əliyev nahaq yerə deməmişdir ki, Azərbaycan dünyaya bir Günəş kimi doğacaq. Qarabağ Azərbaycandır!”.
Mingəçevir şəhərindən Vaqif Hüseynov yazır: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizin erməni işğalçılarının təxribatlarının qarşısının alınması üçün əks-hücum əməliyyatlarının keçirilməsi ilə bağlı verdiyiniz əmr məni və xalqımızı hədsiz sevindirdi. Çünki bu əmri biz çoxdan gözləyirdik. Bu yerdə atalar sözü yada düşür: “Gec olsun, yaxşı olsun”. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun apardığı dəqiq və yüksək hərbi əməliyyatlar nəticəsində erməni işğalçılarının çox sayda canlı qüvvəsi və hərbi texnikaları məhv edildi və bir çox ərazilərimiz işğaldan azad edildi. Hamımıza məlumdur ki, bizim Prezidentimiz yüksək idarəçilik və diplomatiya qabiliyyətinə, səmimi, savadlı, zəngin dünyagörüşünə, həmçinin bütün dünyada böyük nüfuza malik bir dövlət başçısıdır. Sizin çıxışlarınızı dinləyərkən uşaqdan-böyüyə hər bir kəs qürur hissi keçirərək, gələcəyə daha da inamla baxır. Amma Paşinyanın baş nazir olmasına baxmayaraq, danışıq və idarəçilik qabiliyyətinin olmaması Ermənistanı acınacaqlı vəziyyətə salıb. Erməni xalqı artıq ona inamını itirib. Azğınlaşmış ermənilərin dinc əhalimizin yaşadıqları ərazilərə, hətta müharibə zonasından kənarda olan şəhərlərimizə raketlər atması onların vəhşiliyinin sübutudur. Dünya ictimaiyyəti onların bu vəhşiliyinə qarşı səssiz qalsalar da, bizim Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli Ordumuz onların layiqli cavabını verir. Cənab Prezident biz bilirik ki, Siz var gücünüzü xalqımızın və torpaqlarımızın ərazi bütövlüyünün müdafiəsinə sərf edirsiniz. Sizə bu çətin və şərəfli işinizdə uğurlar arzu edirik. Tanrı Sizi qorusun! Yaşasın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev! Yaşasın Azərbaycan Respublikası! Yaşasın Azərbaycan Respublikasının Silahlı Qüvvələri! Qarabağ Azərbaycandır!”.