"Bu gün Şuşa şəhəri azaddır və ulu öndərin ruhu da şaddır. O, məhz bu günü görmək istəyirdi, bu günü vəsiyyət etmişdi. Müzəffər Ali Baş Komandan tərəfindən Şuşa şəhəri və torpaqlarımız işğaldan azad olundu".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
"Bu gün Azərbaycan xalqının üzü gülür. Əvvəllər 8 may tarixini ermənilər "Dağlarda toy" adlı əməliyyatın növbəti yubileyini qeyd edərək böyük sevinclə qeyd edirdilər. İndi isə onların dırnaqarası kədərlərini də görürük. Bu, işğal olunmuş torpaq idi və işğaldan azad olunmalı idi. Şuşanın azad olunması sevincini bu gün Azərbaycan xalqı qeyd edir. Şuşada mötəbər tədbirlər keçirilir. Hər bir Azərbaycan vətəndaşı da bundan sevinir", - Prezidentin köməkçisi bildirib.