Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinə müdir təyinatı olub.
Bu barədə "Report"a Fondun mətbuat katibi Pərvin Məmmədova məlumat verib.
Onun sözlərinə görə, bu vəzifəyə Aybəniz İsmayılova təyin olunub.
Qeyd edək ki, İsmayılova Aybəniz Rafiq qızı 8 oktyabr 1976-cı ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub.
1993-2000 illərdə Xəzər Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsində bakalavr təhsili alıb, daha sonra isə “Beynəlxalq hüquq” ixtisası üzrə Magistr dərəcəsinə yiyələnib. 2004-2006 ci illərdə Böyük Britaniya Krallığının "Chevening" təqaüdü ilə Mançester Universitetində “Beynəlxalq inkişaf” ixtisası üzrə Magistr dərəcəsi qazanıb. Hazırda ali idarəetmə dərəcəsi üzrə təhsilini Fransanın İNSEAD universitetində davam etdirir.
A.İsmayılova 20 ilə yaxın BMT, USAİD və digər nüfuzlu beynəlxalq təşkilatlarda aparıcı vəzifələrdə çalışıb. Beynəlxalq təşkilat və donor siyasəti üzrə mütəxəssis olaraq, institusional inkişaf, təşkilat daxili davranış və əhalinin həssas qruplarının inkişafı üçün irimiqyaslı layihələrə maliyyə vəsaiti cəlb edərək, həmin layihələrin bir qisminin idarə edilməsinə, bir qisminin isə icrasına nazərət edib.
2019-2021 ci illərdə keçmiş "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olub. O, Qarabağ mədəni irsinin təbliği ilə bağlı çoxsaylı məqalələrin, eyni zamanda “Qarabağnamə” media proqramının müəllifi və aparıcısıdır.