Qax rayonunda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycan dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda tədbir keçirilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə tədbirdə deputatlar, rayon və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Azərbaycanın çağdaş tarixinin milli intibah dövrünün müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxararaq xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib.
Daha sonra tədbirdə Milli Məclisin deputatları Etibar Əliyev və Azər Kərimli çıxış edərək Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycanın öz milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə inamla qədəm qoyduğunu vurğulayıblar.