Qubada Türkiyə-Azərbaycan dostluq parkının açılışı olub.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, mərasim iştirakçıları əvvəlcə Quba şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclisin deputatları Qənirə Paşayeva, Əhliman Əmiraslanov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak ediblər.
Səfir C.Bağçı Dostluq parkının açılışını Türkiyə-Azərbaycan qardaşlarığının yaşadılmasına yönəlik addım kimi qiymətləndirib: “Gənc nəslin bu qardaşlığın nə anlama gəldiyini görmək üçün yaxşı örnəkdir. Bütün dünya gördü ki, iki ölkə qardaşlığı fərqlidir. Bu fərqi Vətən müharibəsi zəfərində ortaya qoyduq. Bundan sonra da daha güclü qardaşlıq üçün çiyin-çiyinə çalışacağıq”.
Qeyd edək ki, yeni istirahət parkının eni 24, uzunluğu isə 60 metrdir. Parkda rəmzi olaraq iki qardaş ölkənin bayraqlarındakı ulduz və ayparalar təsvir edilib. Əliqulu Nərimanov küçəsində tikilən istirahət məkanının layihələndirilməsinə Azərbaycan və Türkiyədən mütəxəssislər cəlb olunub.