Ramin Məmmədov: İrqi ayrı-seçkilik, dini ekstremizm və ksenofobiya bəşəriyyət üçün təhlükədir

Ramin Məmmədov: İrqi ayrı-seçkilik, dini ekstremizm və ksenofobiya bəşəriyyət üçün təhlükədir İdeoloji məzmunlu mübarizə, etnik-dini zəmində münaqişələr və qütbləşmələr, irqi ayrı-seçkilik, dini ekstremizm, ksenofobiya kimi təhlükəli təzahürlər bəşəriyyətin əmin-amanlığını təhlükə altına qoyur.
Daxili siyasət
25 Noyabr , 2024 15:23
Ramin Məmmədov: İrqi ayrı-seçkilik, dini ekstremizm və ksenofobiya bəşəriyyət üçün təhlükədir

İdeoloji məzmunlu mübarizə, etnik-dini zəmində münaqişələr və qütbləşmələr, irqi ayrı-seçkilik, dini ekstremizm, ksenofobiya kimi təhlükəli təzahürlər bəşəriyyətin əmin-amanlığını təhlükə altına qoyur.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kamboca Krallığının Parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının (QTSŞ) birgə evsahibliyi etdiyi Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin (BTSP) “Sülh, Barışıq və Tolerantlıq Axtarışı” mövzusunda 11-ci plenar sessiyada çıxışı zamanı deyib.

O qeyd edib ki, ayrı-seçkilik və ekstremizmə qarşı mübarizədə tolerantlıq dəyərini və sülh mədəniyyətini təbliğ etmək mühüm amillər sırasındadır:

"Dərin tarixi köklərə dayanan və bu günə qədər inkişaf edərək cəmiyyətin gündəlik həyat tərzinə çevrilmiş birgəyaşayış Azərbaycanda dövlət siyasəti kimi multikulturalizmin ictimai əsasını təşkil edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan qlobal xarakterli məsələlərə dair bir sıra mötəbər tədbirlərə, dinlərarası dialoqa və multikulturalizmə həsr olunan beynəlxalq forumlara evsahibliyi edib. Bakıda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Sammiti kimi nüfuzlu tədbirlər mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır".

Dövlət Komitəsinin sədri çıxışında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammiti haqqında da məlumat verib. Bildirib ki, sammit vasitəsilə dünyanın üzləşdiyi iqlim dəyişmələri, atmosferin və ətraf mühitin çirklənməsi, ərzaq çatışmazlığı və bu kimi digər qlobal problemlərin həllində nüfuzlu dini liderlərin çağırışları əhəmiyyətli rol oynayacaq.

R.Məmmədov Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 11-ci Plenar sessiyasının sabit və dayanıqlı gələcək naminə qarşıya qoyduğu məqsədlərə çatacağına əminliyini ifadə edib.

Sessiya çərçivəsində, Dövlət Komitəsinin sədri Kamboca Krallığı Senatının prezidenti, keçmiş baş nazir Hun Senlə görüşüb. R.Məmmədov görüşdə Azərbaycandakı dialoq mühiti və çoxəsrlik tolerantlıq ənənələrindən söz açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə multikultural dəyərlərin qorunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Kamboca Krallığı Senatının prezidenti Hun Sen Azərbaycanın dünyada tolerant imicə malik olduğunu vurğulayıb, mədəniyyətlərarası dialoq prosesində aparıcı mərkəzlərdən biri kimi tanındığını qeyd edib. İki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq münasibətlərinin inkişaf etdiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi