Rektor: Dinin əsas prinsipləri cəmiyyətə dini maarifləndirmə ilə çatdırılmalıdır

Rektor: Dinin əsas prinsipləri cəmiyyətə dini maarifləndirmə ilə çatdırılmalıdır Dinin əsas prinsipləri cəmiyyətə din təhsili ilə çatdırılmalıdır.
Daxili siyasət
16 Oktyabr , 2024 10:21
Rektor: Dinin əsas prinsipləri cəmiyyətə dini maarifləndirmə ilə çatdırılmalıdır
Aqil Şirinov

Dinin əsas prinsipləri cəmiyyətə din təhsili ilə çatdırılmalıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusuna həsr olunan respublika elmi-praktik konfransında deyib.

Onun sözlərinə görə din təhsili həm də cəmiyyətin təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir:

"Belə ki, din dəyərlər sistemi olaraq, cəmiyyətin mənəvi inkişafında və ictimai vəhdətin təminində mühüm rol oynayır. Bununla yanaşı, dinin səhv interpretasiyası milli-mənəvi birliyə aparmır, əksinə, ictimai bölünməyə gətirib çıxarır. Dini biliklər doğru mənbələrə əsaslanaraq şərh olunmalı, həmçinin müasir dövrün reallıqları da nəzərə alınıb cəmiyyətə çatdırılmalıdır. Dini təhsilin düzgün aşılanması dinin özünü təhriflərdən qoruyur, milli-mənəvi vəhdətin təmin edilməsinə töhfə verib, cəmiyyəti radikal dini tendensiyalardan sığortalayır".

Rektor dünyadakı dini təhsilin müxtəlif modellərinin mövcudluğundan da danışıb:

"Bunlardan biri də tədrisdə bir dini və ya məzhəbi əsas götürən konfessional tədrisdir. Bu tədris üsulu müəyyən bir dini və ya məzhəbi öz rəsmi ideologiyasında daha çox mənimsəyən dövlətlərdə tətbiq olunur. Digər modellər – din haqqında və dindən öyrənmədir ki, bu da dünyəvi dövlətlərin din tədrisində özünü daha çox büruzə verir; yəni dünyəvi dövlətlər daha çox bu son iki metoda əsaslanır.

Cəmiyyətdə mövcud olan bütün dinlərin əsas mahiyyəti və tarixi haqqında deskriptiv bilikləri aşılayır. Dindən öyrənmə modeli isə tədris prosesində dinlərin bəşəriyyətə təlqin etdiyi universal mənəvi dəyərlərin mənimsənilməsinə xidmət edir. Bu iki model dünyəvilik prinsipinə xələl gətirmir, cəmiyyətin köklü institutlarından biri olan din haqqında biliyin çatdırılmasına köməklik göstərir".

Aqil Şirinov Azərbaycan İlahiyyat İnstitutunda və onun yanında fəaliyyət göstərən Bakı İlahiyyat Kollecində din tədrisinin din haqqında və dindən öyrənmə modellərinə uyğun şəkildə aparıldığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi