Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kimi səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin xalqlarımızın mənafeyinə tam uyğun olduğunu, Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq əlaqələrinin ölkələrimizə böyük fayda gətirdiyini vurğulayan komitə sədri görüşün əlamətdar bir vaxta təsadüf etdiyini bildirib.
Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad edilməsində Türkiyənin dəstəyinin əhəmiyyətli rol oynadığı və xalqımızın yaddaşında həmişə yaşayacağı qeyd olunub.
Prezident İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın həssas münasibəti sayəsində məcburi köçkünlərin problemlərinin mərhələli şəkildə öz həllini tapdığı, indi isə onların doğma yurda təhlükəsiz qayıdışına hazırlıq, işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində zəruri tədbirlərin görüldüyü vurğulanıb.
Komitə sədri səfir Erkan Özoralı Azərbaycanın yüksək dövlət təltifinə - “Dostluq” ordeninə layiq görülməsi münasibətilə təbrik edib, onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə məcburi köçkünlərlə bağlı tədbirlərə göstərdiyi dəstəyə görə təşəkkür bildirib, gələcək işlərində uğurlar arzulayıb.
Türkiyəli diplomat səmimi qəbula görə minnətdarlıq edərək, Azərbaycandakı fəaliyyətinin onun həyatında unudulmaz bir dövr olduğunu, xüsusən, bu dövrdə torpaqlarımızın işğalına son qoyulmasından, Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasından sevinc və qürur hissi keçirdiyini bildirib. O, ölkəmizdə ən çox səfər etdiyi yerin Cocuq Mərcanlı olduğunu xatırladaraq deyib ki, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışı zamanı da Azərbaycanın dünyaya nümunə göstəricəyinə əmindir.
Səfir bundan sonrakı fəaliyyətində də qardaş xalqlarımız arasındakı əlaqələrdə fəal iştirak edəcəyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.