Aprelin 8-də Prezident Administrasiyasının rəhbəri, işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Fransa Şirkətlər Hərəkatı – “MEDEF International” təşkilatının baş icraçı direktoru Filip Qotye və aparıcı fransız şirkətlərinin nümayəndələri ilə görüşüb.
"Report" xəbər verir ki, görüşdə Azərbaycanla Fransa arasında səmərəli əməkdaşlığın formalaşdığı qeyd olunub.
Fransanın aparıcı şirkətlərinin nümayəndələrinin Azərbaycana mütəmadi səfərləri iqtisadi əlaqələrin dərinləşməsinə marağın təzahürü kimi qiymətləndirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı tikinti-abadlıq və yenidənqurma işlərinin fəal şəkildə davam etdirildiyi, çox qısa vaxt ərzində və daxili maliyyə imkanları hesabına əhəmiyyətli nəticələr əldə olunduğu vurğulanıb. Postmüharibə dövründə bərpa və yenidənqurma işlərinin sürətinə və əhatəsinə görə Azərbaycanın dünyada qabaqcıl təcrübənin əsasını qoyduğu bildirilib.
Fransanın görüşdə iştirak edən “Airbus”, “Alstom”, “Suez”, “Thales”, “Egis”, “Oberthur Cash Protection”, “Arverne Group” və digər qabaqcıl şirkətlərinin nümayəndələri tərəfindən Azərbaycan və Fransa arasında iqtisadi əlaqələrin dərinləşməsinə, yeni sahələr əhatə olunmaqla əməkdaşlığın genişlənməsinə maraq ifadə olunub. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrində Fransanın işgüzar dairələrinin iştirak etmək niyyəti ifadə olunub.