"Siyasi partiyalar Vətən müharibəsində olduğu kimi, ümummilli məsələlərdə də hakimiyyətin yanındadır” - RƏY

"Siyasi partiyalar Vətən müharibəsində olduğu kimi, ümummilli məsələlərdə də hakimiyyətin yanındadır” - RƏY “44 günlük Vətən müharibəsi dövründə siyasi partiyalar kifayət qədər həmrəylik nümayiş etdirdilər və milli birliyə yardım göstərdilər”.
Daxili siyasət
29 Sentyabr , 2021 16:25
Siyasi partiyalar Vətən müharibəsində olduğu kimi, ümummilli məsələlərdə də hakimiyyətin yanındadır” - RƏY

“44 günlük Vətən müharibəsi dövründə siyasi partiyalar kifayət qədər həmrəylik nümayiş etdirdilər və milli birliyə yardım göstərdilər”.

Bunu “Report”a açıqlamasında Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Onun sözlərinə görə, müharibə zamanı siyasi partiyalar Ermənistanın təcavüzü ilə bağlı bir neçə dəfə bəyanatlar qəbul ediblər: “Rəhbərlik etdiyim siyasi partiya da Ermənistanın vandallığı ilə bağlı xarici dillərdə 40-dan çox müraciət, bəyanatlar verib. Müharibə zamanında partiyaların birgə bəyanatlarının xüsusi əhəmiyyəti vardı. Azərbaycan Ordusu xalqımızın, siyasi partiyaların birliyini görərək Ali Baş Komandanın ətrafında daha sıx birləşərək düşmənin belini qırdı”.

T.Kərimli bildirib ki, Vətən müharibəsinin başladığı ilk gündən etibarən Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək vahid ümumxalq, ümumdövlət mövqeyindən çıxış etdilər: “Vətən müharibəsi başlayan dövrdən Azərbaycanda bir çox siyasi partiyalar öz fəaliyyətlərini daha fərqli konsepsiyada dəyərləndirdilər. Vətənin dar günündə dövlət marağını hər şeydən üstün tutaraq ölkəmizin gələcəyi, ərazi bütövlüyümüzün bərpa edilməsi naminə siyasi birlik nümayiş etdirərək hakimiyyətə dəstək oldular. Qəbul edilən bütün bəyanatlarda siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədilər və onun yanında olduğunu bildirdilər”.

Tahir Kərimli
Tahir Kərimli

Partiya sədri vurğulayıb ki, bütün siyasi qüvvələrin yeganə amalı ölkəmizin daha yüksək səviyyədə inkişafına dəstək vermək və bu prosesdə fəal iştirak etməkdir: “Azərbaycanda milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar mühüm yeniliklərə yol açıb. Hazırda ölkəmizdə milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşıb, ümumdövlət məsələlərində vahid mövqe yaranıb. Qeyd etmək lazımdır ki, məhz ölkədəki siyasi dialoq mühiti 44 günlük Vətən müharibəsi dövründə əksər siyasi təşkilatların, aparıcı vətəndaş cəmiyyəti institutlarının, ziyalıların, ictimai fəalların dövlətin təməl prinsipləri ətrafında birləşməsini təmin etdi”.

T.Kərimli qeyd edib ki, torpaqlarımızın 44 gündə minimum itkilərlə düşmən işğalından azad edilməsi xalqımıza böyük sevinc və qürur hissi yaşatdı: “Artıq Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər qazandı. Bu zəfər sayəsində “Ermənistanın güclü ordusu var” və s. kimi miflərə birdəfəlik son qoyuldu. Bu gün də Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar 44 günlük müharibədə olduğu kimi, ümummilli məsələlərdə də Azərbaycan hakimiyyətinin yanındadır”.

Son xəbərlər

Orphus sistemi