Azərbaycanda hüquq üzrə cəmi yeddi fəlsəfə doktorunun yaşı 50-dən azdır.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, həmin şəxslərin bundan sonra prokurorluq orqanlarında işləmək istəyəcəyi inandırıcı deyil:
“Elmi dərəcəsi olan şəxslər müsahibəsiz prokurorluq orqanlarına qəbul olunur. Amma onların sayı hədsiz azdır. 2023-cü ildə cəmi 99 nəfər fəlsəfə doktoru elmi dərəcə alıb. Hüquq sahəsində cəmi 4 nəfər dərəcə alıb. Bu dörd nəfər prokurorluq orqanlarında, yaxud digər güc strukturlarında işləmək istəyəcəkmi? Fəlsəfə doktoru adını alanlar daha çox filologiya, tarix, tibb, dəqiq elmlər və s. sahələrdədir. BDU-da cəmi 27 nəfər hüquq üzrə fəlsəfə doktoru çalışır, bu, çox azdır”.
Parlament sədri Sahibə Qafarova da deputata haqq verdiyini vurğulayıb:
“Sözlərinizdə həqiqət var, amma qanun 1-2 il üçün yazılmır. Ömürlükdür və lazım olduqca dəyişikliklər aparılır”.