“ATƏT-in Minsk Qrupunun 30 ilə yaxın bir dövrü əhatə edən vasitəçilik missiyasının uğursuzluğunun əsas səbəblərindən biri regionda və dünyada gedən prosesləri, eləcə də Azərbaycan dövlətinin və xalqının iradəsini, öz torpaqlarını işğaldan azad etmək niyyətinin nə qədər ciddi olduğunu düzgün hesablaya bilməməsi idi”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarını 30 ilə yaxın bir müddətdə işğal altında saxlayan Ermənistan, eləcə də bəzi beynəlxalq güclər xalqın zaman keçdikcə bu işğalla barışacağını düşünürdülər. Lakin Vətən müharibəsi bu təsəvvürlərin tamamilə yanlış olduğunu bütün dünyaya göstərdi.
Deputat qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə yaradılmış ictimai-siyasi sabitlik, iqtisadi sahədə aparılan ardıcıl islahatlar Azərbaycanın qısa vaxtda tənəzzül dövrünü geridə qoymasına imkan yaratdı. Ölkədə yeni dövrün tələblərinə uyğun dövlət idarəetmə sisteminin formalaşması, beynəlxalq münasibətlər sistemində mövqelərin möhkəmlənməsi, ordu quruculuğu sahəsində atılan addımlar Azərbaycanın gücünü artıran əsas amillər kimi çıxış edirdi: “Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan bir tərəfdən, bütün bölgələrinin sosial-iqtisadi inkişafı üçün bərabər şərtlər yaradan iqtisadi sistemin qurulmasına nail oldu. Digər tərəfdən, hərbi qüdrəti, regional proseslərə təsir imkanları artdı. Paralel olaraq, dövlətlə xalq arasında etimadı daha da möhkəmləndirən çoxşaxəli islahatlar həyata keçirildi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli birliyinin və həmrəyliyinin nə qədər möhkəm təməllərə əsaslandığını nümayiş etdirdi. Bizim qələbəmizi təmin edən əsas amillərdən biri də məhz dövlətlə vətəndaş arasında uzun illər ərazində formalaşmış dərin etimad idi”.
Soltan Məmmədov Vətən müharibəsindən sonra Cənubi Qafqazda təhlükəsizlik konfiqurasiyasını dəyişdirən yeni reallıqların meydana çıxdığını vurğulayıb. Cənubi Qafqazda maraqları olan dövlətlərin, eləcə də region ölkələrinin siyasətinin bu yeni reallıqlara uyğunlaşdırılmalı olduğunu vurğulayıb.
Deputatın fikrincə, indi bölgədə yaşayan bütün xalqlar üçün fərqli bir dövr başlayır. İqtisadi əlaqələrin və kommunikasiyaların bərpası davamlı sülhün və sabitliyin bərqərar olmasına xidmət etməklə yanaşı tərəqqi və inkişaf üçün ciddi əsaslar yaradır: “Düşünürəm ki, həm region ölkələri, həm də bu coğrafiyada maraqları olan böyük güclər bu fürsəti dəyərləndirərək, daha yaxşı gələcək üçün birgə işləməlidir. Bu xüsusilə də Ermənistana aiddir. Ona görə də Ermənistanda revanşist bəyanatlarla çıxış edənlər mövcud reallıqları, hərbi, iqtisadi, siyasi qüvvələr nisbətini nəzərə alaraq, bu cür addımlardan çəkinməlidir. Azərbaycan Prezidentinin də dəfələrlə qeyd etdiyi kimi, Ermənistanın revanşist cəhdlərinin sonu özünə qəsd ola bilər.”
Millət vəkili Azərbaycanın 44 günlük vətən müharibəsində həm də BMT qətnamələrinin tələblərini yerinə yetirməyə nail olduğunu vurğulayıb. Bildirib ki, ATƏT-in Minsk qrupunun ötən dövrdəki fəaliyyəti bu gün tarixə qovuşmuş münaqişənin nizamlanması istiqamətində heç bir ciddi uğura səbəb olmayıb. Ona görə də Minsk Qrupu öz fəaliyyətini yeni reallıqlara uyğun qurmalı, Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad mühitinin formalaşmasını nəzərdə tutan təşəbbüslərlə çıxış etməlidir.