Milli Məclisin sədri Sahibə Qafarova parlamentin dekabrın 8-də keçirilən iclasında növbədənkənar Prezident seçkilərinin müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün ərazidə keçiriləcəyini bildirib.
“Report” xəbər verir ki, spiker 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinin yaranan yeni reallıqların təsbiti olduğunu söyləyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası regionda və ölkədə yeni reallıqlar yaradıb: "Gələn il keçirilməsi nəzərdə tutulan Prezident seçkiləri şəffaf şəraitdə keçirilən azad və ədalətli demokratiyanın təntənəsinə çevriləcək. Xalqımız da seçkidə öz müdrik qərarını verəcək".
S.Qafarova bildirib ki, növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar: "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi bütün vədləri tam yerinə yetirib. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu həyata keçirilib və Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulub. Bu gün Azərbaycanın üçrəngli bayrağı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda qürurla dalğalanır.Ulu Öndər tərəfindən təməli qoyulan inkişaf strategiyasını yeni çağırışlar şəraitində layiqincə davam etdirən Prezident İlham Əliyev heyrətamiz şəxsi keyfiyyətləri, Vətən və dövlət qarşısında müstəsna xidmətləri ilə xalqımızın tükənməz hörmət və məhəbbətini qazanıb".