Tərtər rayonunda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib.
"Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, mayın 10-da səhər saatlarından başlayaraq minlərlə sakin dahi şəxsiyyətin rayonun mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Ziyarətdə rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, qazilər, şəhid ailələri, əmək kollektivləri, ziyalılar, ağsaqqallar, veteranlar, gənclər iştirak ediblər.
Yubiley tədbiri şəhər Mədəniyyət Evində davam etdirilib. İştirakçılar öncə Ümummilli Liderin hakimiyyətinin müxtəlif illərində Tərtərə səfərləri zamanı çəkilən fotolardan ibarət sərgi ilə tanış olublar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ulu Öndər Heydər Əliyevin həyat yolu və fəaliyyəti barədə məruzə söyləyib, Ümummilli Liderin Azərbaycan xalqı və dövlətçiliyi naminə göstərdiyi misilsiz xidmətləri xatırlanıb.
O vurğulayıb ki, Ümummilli Liderin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Tədbirin sonunda H.Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.