Prezident seçkilərində tam şəffaflıq müşahidə etdik.
"Report" xəbər verir ki, bunu fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini izləyən Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinin rəhbəri, deputat Şamil Ayrım deyib.
O vurğulayıb ki, seçki məntəqələrindəki şəxslərin çox məlumatlı olduğunu, seçki prosesində heç bir problemin yaşanmadığını müşahidə ediblər:
"İnsanlar sanki bayrama gedirmiş kimi səs verməyə gəlirdilər. Sual verdikdə isə "Biz bu gün səs verməyib nə vaxt səs verəcəyik? Müzəffər Ali Baş Komandana səs verəcəyik" dedilər".
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.