Vətən müharibəsi zamanı şəhid olan soydaşlarımızın xatirəsinə həsr edilən anım tədbiri keçirilib.
"Report" xəbər verir ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Şəhidlərimiz qürurumuzdur” adlı aksiyası zamanı bu gün təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyinin ərazisində quraşdırılmış xüsusi projektorlardan səmaya yönələn şüalar Zəfər tağını simvolizə edib.
Aksiyada “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri səmaya 3000-dək işıq fənəri buraxıblar.
Qeyd edək ki, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib. Yürüş zamanı dövlətimizin başçısı və birinci xanım Bakı şəhəri, 8 Noyabr prospektində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyublar.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamda, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Ötən müddət ərzində Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin layihəsi hazırlanıb. Layihəyə əsasən, kompleksin ərazisində torpaqlarımızın azad olunması uğrunda tarixi Qələbəyə gedən yolu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin xatirəsini yaşatmaq məqsədilə muzeyin yaradılması nəzərdə tutulur. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin azadlığı uğrunda mübarizə aparan əsgər və zabitlərin igidliyini, xalqın əzmini bir daha nümayiş etdirəcək. Kompleks park ilə əhatə olunacaq.