Hakim Yeni Azərbaycan Partiyası Avropa Xalq Partiyasının (EPP) Siyasi Assambleyasının (PA) 1 fevral 2021-ci il tarixli videokonfransında Azərbaycanla bağlı səsləndirdiyi qərəzli bəyanatla əlaqədar etiraz məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, məktubda deyilir:
“EPP PA üzvlərinin diqqətinə çatdırırıq ki, Azərbaycan 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın şərtlərinə tam əməl edir. Bu çərçivədə Azərbaycanla Ermənistan arasında yüzlərlə hərbi əsir, girov və cəsədlərin mübadiləsi həyata keçirilib və proses beynəlxalq normalara uyğun şəkildə davam etdirilir.
Lakin müharibəyə son qoyan 10 noyabr bəyanatından sonra Ermənistandan Azərbaycan ərazilərinə gələrək təxribat-diversiya əməlləri törədən və ələ keçirilən terrorçular müharibə əsirləri hesab oluna bilməz və onların məsələsi müvafiq qanunlar çərçivəsində öz həllini tapacaqdır.
Üstəlik, Azərbaycanın tələblərinə baxmayaraq, Ermənistan tərəfi birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş 4 mindən artıq Azərbaycan vətəndaşının taleyi və onların kütləvi dəfn olunduqları yerlər barədə məlumat verməkdən imtina edir.
Ermənistan vəziyyəti düzgün dəyərləndirməli, özünütəcridə gətirib çıxaran əvvəlki səhvlərini təkrarlamamalıdır. Bu baxımdan, beynəlxalq ictimaiyyət üçtərəfli bəyanatın tam icrasına, bölgədə sülhün və etimadın bərqərar olmasına və xalqlarımız arasında barışığa dəstək olmalıdır.”
YAP-ın Avropa Xalq Partiyasına ünvanladığı etiraz məktubunda daha sonra qeyd olunur: “Azərbaycan münaqişənin əhatə etdiyi bölgələrdə yaşayan erməni mənşəli vətəndaşlarını özünün siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etməkdə qərarlıdır və özünün suverenliyi və ərazi bütövlüyü çərçivəsində etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının bərabər hüquq və azadlıqlarına təminat verir.
Ermənistan işğalının ağır nəticələrini aradan qaldırmaq, bu əraziləri partlamamış sursatlardan təmizləmək, bərpa və yenidənqurma işləri aparmaq çox çətin və böyük resurslar tələb edən işdir. Buna baxmayaraq, Azərbaycan artıq bütün bu işlərə və yüz minlərlə məcburi köçkünün öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli dönüşü üçün şərait yaratmağa başlayıb.
Onu da qeyd etmək lazımdır ki, çoxetnoslu və çoxdinli bir ölkə olaraq özünün mədəni müxtəlifliyi ilə fəxr edən Azərbaycan mənşəyindən asılı olmayaraq, bölgədəki bütün dini və mədəni irsin qorunmasına, bərpasına və istifadəsinə böyük önəm verəcəkdir.
EPP PA üzvlərinə birtətəfli bəyanatlar səsləndirməzdən əvvəl məsələ barəsində daha ətraflı informasiya toplamağı tövsiyyə edirik”.