Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-nin İllinoys ştatındakı Azərbaycan icması ilə görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən diaspor siyasəti, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, Komitənin uğurla nəticələnən irimiqyaslı layihələri, o cümlədən, avqustun 1-dən 7-dək “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin Laçında keçirilən və dünya azərbaycanlı gənclərinin böyük marağına səbəb olan V Yay Düşərgəsi haqqında ətraflı məlumat verib.
Görüşdə iştirak edən Türkiyənin Çikaqodakı Baş konsulu Engin Tures Azərbaycan və türk diasporlarının birgə fəaliyyətinin vacibliyini qeyd edib, hər zaman Azərbaycan diasporunun yanında olduqlarını dilə gətirib.
Orta Qərb Ştatları Azərbaycan Tələbə Alyansının rəhbəri Nərgiz Həbibova təşkilatın fəaliyyəti barədə məlumat verib, ABŞ-dəki tələbə gənclərin, xüsusilə, sosial media platformaları üzərindən şəbəkələşmə imkanlarından və təşkilatın hədəflərindən danışıb.
Çıxışlarda Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinin, regionda sülhün və sabitliyin rəmzinə çevrilməsinin həmvətənləri qürurlandırdığı, Vətən naminə daha böyük işlər görməyə həvəsləndirdiyi vurğulanıb. İcma üzvləri daha güclü diaspor formalaşdırmağın vacibliyindən, birlik mexanizmlərindən, beynəlxalq təcrübənin tətbiqinin əhəmiyyətindən danışıb, gələcəkdə burada Azərbaycan Evinin açılması təklifi ilə çıxış ediblər.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini və diaspor hərəkatında koordinasiyalı işin mahiyyətini əks etdirən videoçarxlar nümayiş etdirilib, icma üzvlərini maraqlandıran suallara cavab verilib, perspektivlə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir bədii hissə ilə yekunlaşıb.