Almaniyanın Bavariya əyalətinin Deggendorf şəhərində yerləşən qaçqın düşərgəsinin sakinləri etiraz aksiyası keçirəcək.
Bu barədə “Report”un Avropa bürosuna sözügedən şəhərin deportasiya mərkəzində saxlanılan Azərbaycan vətəndaşları məlumat veriblər.
Onların sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı karantin rejiminin tətbiq olunduğu qaçqın düşərgəsində vəziyyət dözülməz həddə çatıb:
“Bizi dəmir konteynerlərdə saxlayırlar. Havanın isinməsi ilə burada vəziyyət pisləşib. Gündə hər adama 15 dəqiqə həyətə düşməyə icazə verirlər. Bütün günü konteynetrlərin içində qalmaq məcburiyyətindəyik. Havasızlıqdan nəfəs ala bilmirik. Burda saxlanılanların çoxu da xəstədir”, - sözügedən düşərgədə yaşayan həmvətənimiz bildirib.
Onun sözlərinə görə, vəziyyətlə bağlı Alman Qırmızı Xaç Cəmiyyəti və qaçqınların müdafiəsi ilə məşğul olan “ProAsyl” təşkilatı məlumatlandırılıb. Düşərgə rəhbərliyi isə bildirib ki, yaxın günlərdə konteynerlərdə yaşayanlar yaxınlıqdakı məktəbin idman zalına köçürüləcəklər:
“Məktəbin idman zalı ilə buranın elə də ciddi fərqi yoxdur. Bizi deportasiya edirlərsə, etsinlər, etmirlərsə, yata biləcəyimiz bir yer göstərsinlər. Dünən burada yaşayanlarla birlikdə qərara gəldik ki, düşərgənin həyətinə toplaşaraq oturaq etiraz aksiyası keçirək. Artıq etiraz aksiyası üçün sakinlər adından müraciəti həm düşərgə rəbbərliyinə, həm də Deggendorf polisinə göndərmişik”.
Qeyd edək ki, Deggendorf şəhərində sığınacaq istəyi rədd edilən və haqqında deportasiya qərarı verilən şəxslərin müvəqqəti saxlanılması üçün nəzərdə tutulan düşərgədə 8 Azərbaycan vətəndaşı var. Onların 4-ü bir ailənin üzvüdür.