Rənglər hər zaman dəyişir, hər kəsin görə bildiyi qədər.
Onore De Balzak
Dünyanın bir çox ölkəsi 2021-ci ilə sanki pokker oyunu tempi ilə keçdi. Bir yazıda vurğulamışdım, ötən ildən bu ilə keçidlə bəşəriyyət pandemiyadan postpandemiya dövrünə, Azərbaycan isə Ermənistan üzərində qələbə çalaraq dünyada postişğal dövrünə, qalib imicinə keçdi.
Tərəziyə qoyub ağır gələn tərəfi götürsək, xüsusilə 2020-ci ilin koronavirusla, erməni silahlıları ilə döyüşlərdə və diasporda gözümüz fərqlilik gördü. Yəni xəyal etmədiklərimizi bizə göstərən 2020-ci il diaspor işində də indiyədək görmədiklərimizi agah etdi. Detalı barədə bir qədər sonra, amma yəqin razılaşarsınız ki, bunun səbəbləri ancaq bir-iki ayın içində yaranmamşdı...
2018-ci ilin aprel ayında, prezident seçkilərindən dərhal sonra Azərbaycan Prezidenti mütəmadi apardığı kadr yenilənməsinin tərkib hissəsi kimi, həm də Diasporla İş üzrə Dövlət Komitəsinin sədrini dəyişdi. Bu postda uzun illərdir əyləşən Nazim İbrahimovu əsasən beynəlxalq münasibətlərdə fəallığı ilə seçilən gənc kadr Fuad Muradov ilə əvəzlədi. O vaxt Azərbaycan diasporu ilə bağlı ən çox müzakirə olunan hadisələr bu dəyişikliklə bağlı oldu.
İnsafən, F.Muradov işə optimist başladı. Komandasını toplayıb strateji əhəmiyyət daşıyan ölkələrə - Fransa, Almaniya, Niderland, Türkiyə, Rusiya, Ukrayna, Rumıniya, İsveç və ABŞ-a, eləcə də Baltikyanı ölkələrə ardıcıl səfərlər edərək azərbaycanlılarla görüşdü, bu ölkələrdə diaspor təşkilatlarının Koordinasiya Şuralarını yaratdı. Küsənlər barışdı, hətta küsülü olmayanlar da həvəsə gəlib barışıq tədbirləri keçirdi. Ən əsası da bilirsiniz nə oldu? Dünya diasporumuzun cərgəsi illərdir öz yaşadıqları ölkələrdən çox Azərbaycanda gözümüzü “mazol edən”lər, kif atmışlar yeni, özü də gənc, həm də yaşadığı ölkəsində fəal nəsil ilə əvəzləndi. Ən ağrılısı isə o idi ki, bu dəyişikliyə qədər elə bilirdik ki, dünyadakı azərbaycanlılar ancaq yaşlı və standart bir qrupdan ibarətdir. Sən demə gənclərimiz də varmış…
Elə bu dinamikanın nəticəsi ötən ilin payızında 44 günlük işğalçı Ermənistan üzərində Qələbəmiz ilə bitən Vətən müharibəsində də özünü göstərdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz Ermənistana hərb olaraq tək cəbhə xəttində deyil, dünyada da indiyə qədər xof salan erməni lobbisi üzərində qələbə çaldıq. Darmadağın oldu bu mif… Bunu kimlər etdi? Yeni nəsil Azərbaycan diasporu! Müharibə ərzində qardaş Türkiyə ilə yanaşı, Ukrayna, Baltikyanı ölkələr, Finlandiya, Niderland, ABŞ, Kanada, İsveç, hətta Fransa və digər ölkənin ictimaiyyətində ilk dəfə olaraq erməni lobbisinin səsi batırıldı, azərbaycanlılar informasiya savaşında önə çıxdı. Vəziyyət o yerə çatdı ki, Ermənistan dözməyib buna görə Ukraynaya nota verdi…
Hələ biz dünyada pandemiya dövrü başlayanda Azərbaycan diasporunun müxtəlif ölkələrdə azərbaycanlılar üçün əsl operativ qərargahlara çevrilməyini demirik. İlk dəfə olaraq dünyada erməni lobbisi yox, Azərbaycan diasporu qərargaha çevrildi…
Gözlənilən idi ki, cəbhədə olduğu kimi, düşmən lobbisi bundan qıcıqlanıb dinc durmayacaq. Avropada, keçmiş sovet məkanında istər media resurslarına güc verməklə, istərsə də ictimai-siyasi təxribatla Azərbaycanın fəal diaspor təşkilatlarını müxtəlif yolla hədəfə götürüblər. Bunlar artıq silahla yox, konkret olaraq informasiya resurslarının və sosial media hesablarının xaricdən, diasporda fəal azərbaycanlılara, o cümlədən Bakıdan koordinasiya funksiyası mərkəzi olan Diasporla İş üzrə Dövlət Komitəsinə virtual dezinformativ hücumlar təşkil edirlər. Bu, yəqin getdikcə artacaq. Diqqətli olmaq lazımdır. Başqa sözlə desək, xarici informasiya məkanında düşmənlə döyüş, düşmən hücumu yeni başlayır.
Baxmayaraq ki, firavan vaxtda Azərbaycanın ümummilli atributlarının adına təşkilatlar yaradıb pul yığan, sosial şəbəkələrdə bayraqla çəkdirdikləri fotoların sayını sayğaca vurub Dövlət Komitəsindən pul qoparmaq istəyənlər pandemiyanın ilk günündən “yoxa çıxdılar”. Azərbaycan dövləti dünyada yeganə dövlətdir ki, xaricdə diaspora bu qədər dəstək verir, amma bundan istifadə edənlər də var...
Daha doğrusu, çevrilib Azərbaycana qarşı istifadə edilənlər. Bəli, təəssüf ki, belə faktlar artıq var və yuxarıda qeyd olunan hücumların tərkib hissəsinə çevrilib. Məsələn, indiyə kimi həqiqətən heç bir addımın sahibi olmayan, qəflətən Diasporla İş üzrə Dövlət Komitəsindən hansısa böyük, qeyri-real miqdarda vəsait tələb edir ki, “mən də diaspor olmaq istəyirəm”. Təbii ki, Dövlət Komitəsi bunu ciddiyə almır. Bunun ardınca həmin mənbə internet məkanda erməni lobbisinin Azərbaycan diasporuna qarşı paralelinə çevrilir. Xaricdəki təşkilatlardan tutmuş Dövlət Komitəsinin sədri Fuad Muradova qədər dezinformativ “atəşə tutur”...
Uzun illərdir Azərbaycan dövlətini tamam başqa sferada hədəf alan, ömrünün sonuna çatsa da, bir dəfə diasporda yazmayan biri "şəffaf jurnalist"ə çevrilir anidən, Vətən müharibəsinin ardınca qəflətən Azərbaycan diaspor təşkilatlarını hədəf alır. Nə oldu birdən? Təşkilatlardan maliyyə şəffaflığı “tələb etsə” də özlərinin intensiv xarici səfərlərinin, təchiz olunduğu bahalı çəkiliş avadanlıqlarının maliyyə mənbəyi naməlum olur. Təşkilatlar, Dövlət Komitəsi dayanmadan korrupsiyada, fəaliyyətsizlikdə ittiham edilir. İş orasındadır ki, bunu edən nəinki bir fakt göstərmir, bu, heç, ümumiyyətlə, alternativ təklif də vermir…
Diaspor fəaliyyətində nöqsanlar gördükcə bizdən, digər peşəkarlardan çox tənqid edən yoxdur. Daha doğrusu, yoldakı nasazılığı yolçular sezər. Olduqca edəcəyik də. Oxucular şahiddir... Amma, insafən, son vaxtlar bu qədər zəfərdən sonra bu cəbhəyə belə bir hücum təşkil etmək haralarınsa marağındadır. Adbaad çəkib o boyda fəaliyyəti cılız müzakirələrə sürəcək qədər də sadəlövh deyilik. Sadəcə bilinsin ki, Azərbaycan diasporu erməni lobbisindan başqa, həm də onlara köklənənlərin hədəfindədir...
Mübariz Aslanov