Cenevrədə yerləşən və BMT-də akkreditə olan Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (IRDG) proqram koordinatoru Coel Fuks BMT-nin İnsan Hüquqları Şurasının 48-ci sessiyasının 14-cü iclasında Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi və ekoloji cinayətlərdən danışıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, “Ekoloji cəhətdən əsaslandırılan sağlam nizamlamanın, təhlükəli maddələrin və tullantıların ləğv edilməsinin insan hüquqları üçün nəticələri”nə dair xüsusi məruzəçi ilə aparılan interaktiv dialoq zamanı çıxış edən xanım Fuks bildirib ki, IRDG təhlükəli tullantıların, əsasən də torpaqlarda yerləşdirilmiş mina çirklənməsinin təsirindən ciddi narahatdır. Çünki bu, kənd təsərrüfatı sahələrinin geniş ərazilərinin istifadəsiz qalması ilə nəticələnir, ətraf mühitə, qida istehsalına ciddi təsir göstərir və yaşam vasitələrinin mənbələri məhv olur.
Bildirilib ki, təmsil etdiyi qeyri-hökumət təşkilatı İnsan Haqları Şurasını və beynəlxalq ictimaiyyəti Cənubi Qafqazdakı insanları və ətraf mühiti qorumaq naminə əlavə tədbirlər görməyə, sülh və sülhməramlı səyləri dəstəkləməyə çağırır. “IRDG bölgədə əməkdaşlığın artırılmasına çağırır və Ermənistan hökumətindən qalan minaların yeri barədə Azərbaycan hökumətinə məlumat təqdim etməsini xahiş edir. Minaların asanlıqla zərərsizləşdirilməsinin mümkün olduğu vaxtda daha çox insan itkisinə və yaralanmalara səbəb olmaq ədalətsizlikdir“, - koordinator əlavə edib.
Nəzərə çatdırılıb ki, mina xəritələrinin olmaması bir sıra mənfi sosial-iqtisadi və ekoloji nəticələrə səbəb ola bilər, çünki mina yerlərinin tapılmasının əməliyyat və maddi-texniki xərcləri ölkə və donor təşkilatlar üçün çox yüksək olacaq. Bu isə inkişaf sahəsinin gündəminə təzyiqi artıra, yaşamaq hüququna zərər vura və bölgənin ekoloji profilini dağıda bilər.