Diaspor nümayəndələri qazi və iki şəhid ailəsini öz himayələrinə götürüblər

Diaspor nümayəndələri qazi və iki şəhid ailəsini öz himayələrinə götürüblər Azərbaycanda olan diaspor nümayəndələrinin təşəbbüsü və təşkilatçılığı ilə Bakının Xəzər rayonunun Buzovna qəsəbəsindəki Sanator-Kurort Reabilitasiya Mərkəzində müalicələrini davam etdirən hərbçilərlə görüş keçirilib.
Diaspor
3 Avqust , 2021 21:46
Diaspor nümayəndələri qazi və iki şəhid ailəsini öz himayələrinə götürüblər

Azərbaycanda olan diaspor nümayəndələrinin təşəbbüsü və təşkilatçılığı ilə Bakının Xəzər rayonunun Buzovna qəsəbəsindəki Sanator-Kurort Reabilitasiya Mərkəzində müalicələrini davam etdirən hərbçilərlə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, görüş zamanı diaspor nümayəndələri reabilitasiya mərkəzində hərbçilərin müalicəsi və burada onlar üçün yaradılan şəraitlə yaxından tanış olublar. Bildirilib ki, bu günə qədər mərkəzdə 1 200-dən çox qazi nevroloji, psixoloji və fizioterapevtik müalicə alıb.

Komitənin şöbə müdiri Səlhət Abbasova çıxış edərək, dövlət tərəfindən qazilərimiz, eləcə də şəhid ailələri üçün hər cür şəraitin yaradıldığını, lakin bununla belə, hər bir azərbaycanlının qazilərə, şəhid ailələrinə qayğı göstərməyi özlərinə mənəvi borc hesab etdiyini bildirib.

Qazilərimizə tezliklə sağalmağı, ailələrinin yanına və xidmət yerlərinə qayıtmağı arzu edən qonaqlar bildiriblər ki, xaricdə yaşayan həmvətənlərimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda qanını, canını fəda etmiş Vətən övladları ilə fəxr edirlər, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin, eləcə də qazi və şəhidlərimizin sayəsində artıq yaşadıqları ölkələrdə başıuca gəzirlər. Diaspor nümayəndələrindən Tərlan Qasımov qazimiz Əliyev Rafiqin müalicə xərclərini və bir şəhid ailəsini, Uğur Əfəndiyev şəhid ailələrindən birini öz himayəsinə götürüb. Almaniyada yaşayan azərbaycanlı sənətçi Zahid Quliyev qazilər qarşısında çıxış edib və onlara musiqi disklərini hədiyyə edib.

Diaspor nümayəndələri həmçinin Reabilitasiya Mərkəzində sanator-kurort və bərpa-müalicə xidmətlərindən yararlanan şəhid ailələrinin üzvləri, şəhid xanımları və şəhid övladları ilə də görüşüblər. Diaspor nümayəndələrinin təşəbbüsü ilə burda olan uşaqlar üçün əyləncəli şou proqram təşkil olunub. Şou proqramdan sonra uşaqlara hədiyyələr verilib.

Son xəbərlər

Orphus sistemi