"Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıları bir amal uğrunda birləşdirdi" - RƏYLƏR

"Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıları bir amal uğrunda birləşdirdi" - RƏYLƏR Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasından 19 il ötür.
Diaspor
5 İyul , 2021 12:40
Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıları bir amal uğrunda birləşdirdi - RƏYLƏR

Diasporla İş üzrə Dövlət Komitəsinin yaranmasından 19 il ötür.

Bəs dövlət qurumunun fəaliyyətini xaricdə yaşayan soydaşlarımız necə qiymətləndirir?

Bu suala Fransa, Niderland, İsrail, Serbiya və Rusiyada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri aydınlıq gətirir.

"Report" xəbər veriri ki, Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Günel Səfərova Azərbaycan naminə həmrəyliyin yaranmasında və səylərin birləşdirilməsində Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirir: "2018-ci ildən başlayaraq komitənin fəaliyyətinə yeni nəfəs gəlib və bu, diaspor hərəkatının daha da canlanması ilə nəticələnib. Bu önəmli gündə komitədə çalışan bütün kollektivin əməyini qeyd etmək istəyirəm. Onların işinin ağırlığını iki il ardıcıl olaraq Qarabağla bağlı keçirilən tədbirlərdə gördüm. Pandemiya dövründə azərbaycanlı tələbələrin dəstəklənməsində və bəzilərinin Vətənə dönməsində komitənin böyük əməyi oldu. 44 günlük Vətən müharibəsi dönəmində isə informasiya savaşının aparılması, hər bir soydaşımızın eyni nöqtəyə vurması məqsədilə komitənin kollektivi həftənin hər günü 24 saat çalışırdı. Mən özüm bunun şahidi olmuşam. Dövlət Komitəsinin yaranması günü münasibətilə bu kollektivi və hər bir azərbaycanlını təbrik edirəm".

Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Ağamirzəyeva da komitənin fəaliyyətini çox yüksək qiymətləndirdiyini bildirib: "Son illərdə komitənin fəaliyyətində səmimilik, diqqət, həssaslıq, şəffaflıq hökm sürür. Bu cür önəmli nüanslar diaspor hərəkatında dirçəlişə, canlanmaya və fəallığa səbəb olub. Təbii ki, xaricdə yaşayan Azərbaycan diasporu həmişə fəal olub. Amma onların fəallığı bəzən görünməyib. Azərbaycan diasporundakı böyük yeniliklər özünü 44 günlük Vərən müharibəsi zamanı daha qabarıq göstərdi.

Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin, "Qarabağ" və Nizami Gəncəvi adları altında Azərbaycan dili həftəsonu məktəblərinin yaranmasında, gənclərimizin fəallaşmasında komitənin böyük rolu var. Bu, təqdirəlayiqdir. Bir sıra diaspor təşkilatlarını birləşdirən Koordinasiya Şuraları diaspor hərəkatında birlik, bərabərlik və bu bərabərlikdən doğan güc deməkdir. Avropanın mərkəzi şəhərlərində yaradılan Azərbaycan Evləri diasporumuzun varlığından, azərbaycançılıq ideyasının daha geniş meydanda təbliğindən xəbər verir. "Ana Vətən" Azərbaycanlı Qadınlar Birliyinin də 2014-cü ildə Haaqa şəhərində təsis etdiyi Nizami Gəncəvi adına həftəsonu məktəbi var. Pandemiya dövrünün məhdudiyyətləri məktəbin işində fasilənin yaranmasına səbəb olub. Amma yaxın zamanda məktəbin fəaliyyəti yenidən davam etdiriləcək.

Komitənin şəffaflığına gəlincə, hər ay diaspor təşkilatlarına bülletenlər daxil olur. Bu, komitənin tarixində olmayıb və xaricdə fəaliyyət göstərən azərbaycanlılar üçün xüsusilə önəmlidir. Həmin bülletenlərdə xaricdəki təşkilatların hər birinin gördüyü işlər barədə şəffaf şəkildə hesabat verilir. Biz başqa ölkələrdəki soydaşlarımızın gördükləri iş barədə ətraflı məlumat əldə edirik.

Bu əlamətdar gün ərəfəsində komitə rəhbərliyinin və əməkdaşlarının diaspor təşkilatlarına və soydaşlarımıza münasibətdə nümayiş etdirdikləri yüksək davranış qaydalarını xüsusilə vurğulamaq istərdim. Belə yanaşma nəticəsində böyük diaspor ailəsində çox səmimi mühit yaranıb. Biz çoxuq, komitənin kollektivi isə məhdud saydadır. Bir neçə ölkənin çoxsaylı diaspor təşkilatları ilə koordinatorluq işini görmək asan deyil.

Digər vacib məqam isə komitənin xaricdə yaşayan azərbaycanlıları bir-birinə yaxından tanıtmasıdır. 2007-ci ildən diaspor fəaliyyətindəyəm. Amma mən onların çoxunu tanımırdım. Sən demə, soydaşlarımız arasında nə qədər elm, mədəniyyət, incəsənət xadimi varmış və onlar çox böyük işlər həyata keçirirlər. Bütün soydaşlarımızı Dövlət Komitəsinin yaranması günü münasibətilə təbrik edirəm".

Serbiyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, professor Zərifə Əlizadə: "Komitənin fəaliyyəti son illərdə keyfiyyətcə başqa mərhələyə qədəm qoyub və müsbət istiqamətdə inkişaf edir. Bunu heç də iltifat xatirinə demirəm. Diaspor hərəkatında böyük dirçəliş göz önündədir və bunu faktlarla sübut etmək olar. Koordinasiya Şuralarının yaradılmasının əhəmiyyəti və müsbət nəticəsi 44 günlük Vətən müharibəsi zamanı özünü qabarıq şəkildə göstərdi. Bundan başqa, komitənin əməkdaşları diaspor təşkilatları ilə müntəzəm əlaqə saxlayırlar. Hazırda komitə saat mexanizmi kimi çevik və dəqiq işləyir. Yaranmasının 19-cu ili münasibətilə Dövlət Komitəsinin rəhbərliyini və əməkdaşlarını təbrik edirəm, işlərində böyük uğurlar arzulayıram".

"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman: "Diasporla İş üzrə Dövlət Komitəsini yaranmasının növbəti ildönümü münasibətilə hər kəsi təbrik edirəm. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə Diasporla İş üzrə Komitənin yaradılması azərbaycanlılar və xaricdə yaşayan bütün həmvətənlərimiz üçün ən əlamətdar hadisələrdən biri idi.

Bu illər ərzində komitənin dəstəyi sayəsində dünyadakı soydaşlarımız Azərbaycan həqiqətlərinin təbliğində böyük fəaliyyət göstəriblər. Nəticədə dünya ictimaiyyəti Azərbaycan tarixi, mədəniyyəti və adət-ənənələri haqqında ətraflı bilgi alıb. Azərbaycanın qədim və müasir tarixinin parlaq səhifələrinə həsr olunmuş bir çox tədbirlər təşkil edilir. Azərbaycan diasporunun fəallığı sayəsində dünya ictimaiyyətinə ən müasir üslubda Dağlıq Qarabağ həqiqətləri, 20 Yanvar, Xocalı faciələri və sair barədə müfəssəl məlumatlar çatdırılıb və çatdırılmaqdadır.

Komitənin fəaliyyətinin ən vacib nəticələrindən biri bütün dünyadakı azərbaycanlıların arasında həmrəyliyin, həmvətənlərimizin Azərbaycanın milli maraqlarına sadiqliyinin və yaşadıqları yerdən asılı olmayaraq milli kimliyinin möhkəmləndirilməsidir. Azərbaycanın rifahı naminə nəcib fəaliyyətlərində Komitəyə uğurlar, əməkdaşlarına cansağlığı və güc arzulayıram".

Rusiyanın Arxangelsk vilayətində Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov: "Dövlət Komitəsinin çoxşaxəli fəaliyyətini müsbət qiymətləndiririk. 44 günlük Vətən müharibəsi dönəmində Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıları bir amal uğrunda mütəşəkkil şəkildə birləşdirdi və Azərbaycan diasporu olduqca səmərəli fəaliyyət nümayiş etdirdi. Belə fəaliyyətə görə mən Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə və kollektivinə dərin təşəkkürümü bildirirəm. Komitınin yaranması günü münasibətilə xaricdə yaşayan bütün azərbaycanlıları təbrik edirəm. Bayramımız mübarək olsun!".

Son xəbərlər

Orphus sistemi