Gənc azərbaycanlı Asim Manizadə SpaceX şirkətində işə qəbul edilib.
"Report"un məlumatına görə, Linkedindəki profilində göstərildiyi kimi, Manizadə bu ilin martından etibarən SpaceX-də kibertəhlükəsizlik mühəndisi vəzifəsində çalışaraq, insanların Marsa ilk uçuşunun təhlükəsizliyini təmin edir.
Manizadə əvvəl ABŞ üçün strateji əhəmiyyət kəsb edən bacarıqlara malik miqrantlara bir neçə ay ərzində vətəndaşlıq verilməsini nəzərdə tutan MAVNİ (Military Accessions Vital to the National Interest) proqramına qoşulmuşdu.
2014-2016-cı illərdə Manizadə Good Judgment Project layihəsində “superprognozçu” olub. Bu geosiyasi proqnozlar layihəsi ABŞ kəşfiyyatının perspektiv tədqiqat fəaliyyəti (İARPA) tərəfindən maliyyələşdirilir. Layihə, yalnız açıq mənbələrdə olan məlumatdan istifadə edərək, Mərkəzi Kəşfiyyat İdarəsinin analitiklərinə üstün gəlmişdi.
Azərbaycanlı gənc bundan əvvəl Facebook şirkətində 7 ildən çox kibertəhlükəsizlik, elektron cinayətlərin istintaqı sahələrində çalışıb, bir ixtirasına görə ABŞ-da patent alıb.
A.Manizadə 2009-2013-cü illərdə Carleton College-də təhsil alıb və onu riyaziyyat və iqtisadiyyat ixtisasları üzrə fərqlənmə ilə bitirib. O, Qlobal Maraqlar Mərkəzində (Center on Global Interests) Rusiya və Avrasiya üzrə ekspertlər şurasının və Alman Marşall Fondunun Gələcəyin Liderləri Transatlantik Şəbəkəsinin üzvüdür.
Milyarder İlon Mask SpaceX şirkətini insanları Marsa göndərmək üçün 2002-ci ildə təsis edib. O müsahibələrinin birində qeyd etmişdi ki, SpaceX yalnız amerikalıları işə qəbul edir.