Gürcüstanda 20 Yanvar şəhidinin məzarı bərpa olunub

Gürcüstanda 20 Yanvar şəhidinin məzarı bərpa olunub Şəhid İlqar Əhmədovun doğulduğu Gürcüstanın Bolnisi rayonunun Talaveri (Faxralı) kəndində yerləşən məzarı bərpa olunub
Diaspor
26 May , 2021 09:47
Gürcüstanda 20 Yanvar şəhidinin məzarı bərpa olunub

20 Yanvar şəhidi İlqar Əhmədovun doğulduğu Gürcüstanın Bolnisi rayonunun Talaveri (Faxralı) kəndində yerləşən məzarı bərpa olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bərpa işləri Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə həyata keçirilib.

Bərpa işləri çərçivəsində sinə daşı, hasar və dam örtüyü yenilənib, məzarın ətrafı abadlaşdırılıb.

Ötən gün İ.Əhmədovun doğum günündə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, yerli icma nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar. Gürcüstan Müsəlmanları İdarəsinin Bolnisi rayonu üzrə nümayəndəsi Adil Nəbiyev şəhidin ruhuna dualar oxuyub.

Ziyarətdən sonra şəhidin anası Nigar Əhmədovanın evinə baş çəkilib. O, şəhid oğlunun xatirəsinin əziz tutulması və məzarın bərpasına görə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib.

F.Quliyev İ.Əhmədovun yaxınlarına başsağlığı verib və bildirib ki, Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinə hər zaman dərin ehtiram nümayiş etdirildiyi kimi, onların ailə üzvləri, yaxınlarına da diqqət və qayğı ilə yanaşılır.

Qeyd edək ki, İ.Əhmədov 1965-ci ilin mayın 25-də anadan olub. O, Bakıda 1990-cı ilin 20 Yanvar hadisələri zamanı 24 yaşında şəhid olub.

Son xəbərlər

Orphus sistemi