Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli və Qardabani bələdiyyələrini birləşdirəcək yeni avtomobil yolu salınır.
“Report”un yerli bürosu xəbər verir ki, yolun üzərində yerləşən Marneuli-Lomtaqora-Algeti trassasında bərpa işləri intensiv rejimdə davam etdirilir.
Gürcüstanın Avtomobil Yolları Departamentindən bildirilib ki, yol 15 kilometrlik uzunluqdadır və beynəlxalq əhəmiyyətli Tbilisi-Qırmızı körpü avtomobil yolunun üzərində yerləşir, həmçinin Rustavi və Marneuli arasında ən qısa yoldur.
Mövcud yol dağılmış vəziyyətdə və asfalt örtüksüzdür, bəzi hissələri isə yağışlı havada keçilməz olur.
Yol bərpa layihəsi çərçivəsində yenidən qurulacaq, asfalt örtük çəkiləcək, yerüstü keçid, avtobus dayanacağı, yol nişanları və digər infrastruktur obyektlər inşa olunacaq.
Layihənin maliyyələşdirilməsinə dövlət büdcəsindən 12,6 milyon lari vəsait ayrılıb. Bərpa işləri 2022-ci ildə başa çatdırılacaq.
Qeyd edək ki, Marneuli və Qardabani rayonları arasında birbaşa avtomobil yolu mövcud deyil. Avtomobillə Marneulidən Qardabaniyə və əksinə getmək yalnız Tbilisi vasitəsilə mümkündür.