Gürcüstanda bu yaxınlarda vəzifələrini tərk edən dövlət məmurları – Rəfi Orucov və Ayaz Məmmədov müxalif Vahid Milli Hərəkat Partiyasına (VMHP) keçiblər.
“Report”un yerli bürosu xəbər verir ki, bunu partiya liderlərindən biri olan David Kirkitadze brifinqdə bildirib.
Onun fikrincə, hakim Gürcü Arzusu Partiyası dağılmaq üzrədir: “Son zamanlar ölkədə baş verənlər yüksək dövlət vəzifələri tutan bu şəxsləri istefa verməyə məcbur edib. Biz “Gürcü Arzusu”nu siyasi arenadan tezliklə sıxışdırıb çıxaracağıq”.
Qeyd edək ki, R.Orucov Qardabani bələdiyyə məclisinin sədr müavini, Qaratəhlə kəndinin deputatı, A.Məmmədov isə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri olub.
VMHP 2001-ci ildə təsis olunub, lideri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili, sədri isə Nika Meliyadır.